23 Oktyabr 2017 Bazar ertəsi

İtirilən mənəvi dəyərlər və dövrümüzün gəncləri


Dünyanı mövcud vəziyyətindən xilas edib, sülhü, sevgini, qardaşlığı, gözəl əxlaqı hakim etmək, beləliklə də, gənclərə daha yaxşı həyat, təhlükəsiz, sağlam gələcək təmin etmək hamımızın borcudur.

2016-02-28 20:18

İtirilən mənəvi dəyərlər və dövrümüzün gəncləri

Keçən əsrin xüsusilə son illərindən bu yana dünyanı qan və göz yaşına boğan, on milyonlarla insanın həyatını itirməsinə, milyonlarla insanın yaralanmasına və şikəst qalmasına, evlərindən, yurdlarından çıxaraq başqa ölkələrə köçməsinə səbəb olan müharibələr və qətliamlar bu gün də dünyanın, demək olar ki, hər yerini yandırıb-yaxmağa davam edir.

Müasir dövrün ən böyük problem olan aclıq hər il təqribən 18 milyon insanın həyatını itirməsinə səbəb olur. Digər tərəfdən, bütün cəmiyyətləri əhatə edən əxlaqi degenerasiya fərdlərin yaxşılıq, səmimilik, fədakarlıq, ədalət, şəfqət, mərhəmət, əfvedicilik kimi keyfiyyətləri tərk etmələrinə və mənəviyyatdan uzaq həyat tərzini mənimsəmələrinə səbəb olur. Hər zaman olduğu kimi, dünyanı bürüyən bu bataqlıqdan ən çox zərər çəkənlər uşaqlar və gənclər olur. Ardı-arası kəsilməyən münaqişə mühitində dünyaya gələn, İraqda, Əfqanıstanda, Suriyada, Fələstində və daha bir çox ölkələrdə - müharibə bölgələrində böyüyən, Konqoda, Liberiyada, Syerra Leonede, Somalidə və daha onlarla ölkədə aclıqla mübarizə apararkən həyatda qalmağa çalışan, millətlərin və gələcəyin ümidi olan uşaqlar və gənclər…

Nifrətin, şiddətin, münaqişələrin, zülm və kədərin, sosial ədalətsizliklərin, haqsızlıqların, sevgisizliyin və qeyri-əxlaqi davranışların dünyanı bürüdüyü, mənəvi dəyərlərin alt-üst olduğu və istər fərdi, istər ictimai səviyyədə böyük tənəzzülün yaşandığı dövrümüzdə gənclər maddi və mənəvi mənada böyük risk altındadır. Keçən ildən bu yana 15 milyon uşaq və gənc bombardman altında yaşayır. Orta Afrika Respublikasında 2.3 milyon uşaq və gənc müharibədən zərər çəkdi, 10 min uşaq məcburi şəkildə əsgər kimi istifadə edildi.

Qəzzada evsiz qalan uşaqların sayı 54 mindir. Suriyadakı vətəndaş müharibəsindən zərər çəkən uşaq və gənclərin sayı 7.3 milyondur. İçki və narkotik vasitələrin istehlakı, əxlaqsızlıq və artan cinayətlərin mərkəzində yenə gənclər durur. Bütün bunların nəticəsində bir-birinə güvənməyən, bir-birini sevib-saymayan, digər insanları düşmən kimi görən, yalnız öz mənfəətini güdən, eqoist və mənfəətpərəst insanlar formalaşır. Halbuki onlar cəmiyyətlərin aparıcı qüvvəsi olma potensialına malik ən önəmli üzvləridir.

Dünyanı mövcud vəziyyətindən xilas edib, sülhü, sevgini, qardaşlığı, gözəl əxlaqı hakim etmək, beləliklə də, gənclərə daha yaxşı həyat, təhlükəsiz, sağlam gələcək təmin etmək hamımızın borcudur. Şübhəsiz ki, bu əxlaqi keyfiyyətləri dünyaya hakim edərək cəmiyyətlər arasında sülhü təsis etmək, millətlərin bir-biri ilə həmrəy yaşamasını, dünyanın hər tərəfinə sevgi və tolerantlığın hakim olmasını və mənəviyyatı güclü, əqli və mənəvi cəhətdən sağlam, şüurlu, müasir nəsillərin yetişməsini təmin etmək bütün vicdanlı insanların prioriteti olmalıdır.

Unudulmamalıdır ki, gənclərin əsas ehtiyac duyduğu gözəl əxlaq və mənəviyyat insanlar və cəmiyyətlər arasındakı birliyin, tolerantlığın, sevgi və hörmətin əsas qaynağıdır. Belə ki, gözəl əxlaqın yaşanmadığı mühitdə həmin dəyərlərdən bəhs etmək mümkün deyil. Belə bir cəmiyyətdə özündən başqa heç kimə əhəmiyyət verməyən, ancaq maddiyata önəm verən, sevgisiz və hər an cinayət törətməyə hazır fərdlərin meydana gəlməsi isə əlbəttə ki, qaçınılmazdır.

Biz gənclərə düzgün hədəflər müəyyən etməli və bu hədəflərə çatmaları üçün onlara yol göstərməli olduğumuz kimi, əslində, onların da öhdəsinə vacib işlər düşür. Belə ki, gənclər təkcə gələcəyi əmanət edəcəyimiz fərdlər deyil, bu günün də ortağıdırlar. Daha gözəl dünya üçün müharibələrin, şiddətin, münaqişələrin, aclığın və hər cür pisliyinin dünyadan silinib atılması onların da üzərinə düşən məsuliyyətdir. Məzlum insanların qətl edilməsini, işgəncələrə məruz qoyulmasını, sürgün həyatı yaşamağa məcbur edilməsini, məzlum insanların, qocaların, uşaqların aclıq və yoxluq içində əzab çəkməsini seyr etməməli, yardıma möhtac olan bu insanları xilas etmək üçün faydalı işlər görməlidirlər. Bunun ən təsirli yolu isə fərd və cəmiyyətlərin davranışlarının dəyişməsinə səbəb ola bilən kütləvi informasiya vasitələrindən istifadə etməkdir.

Hər gün milyonlarla gəncə xitab edən internet kütləvi informasiya vasitələrinin ən təsirli platformasıdır. İstər fərdi, istərsə də cəmiyyət səviyyəsində getdikcə təsiri artan sosial şəbəkələrdən istifadə edərək beynəlxalq ictimai fikir yaratmaq dövrümüzdə kütlələrə fikir çatdırmağın ən asan yoludur. Dünya səviyyəsində internetdən istifadə edən bütün vicdanlı gənclər haqsızlıqlara, ədalətsizliklərə və zülmə qarşı fikirlərini dilə gətirərək dünyada pisliyin qarşısının alınmasında, ədalət, səmimiyyət kimi keyfiyyətlərin yayılmasında böyük rolu ola bilər. Öz sosial şəbəkələrdəki hesablarından bütün dünya gənclərini sevgisiz, eqoist, qəddar, mənfəətpərəst, materialist modeldən çəkindirə bilər, onlara yaxşılığı, gözəlliyi tövsiyə edə bilərlər. Allahın bütün insanlara tövsiyə etdiyi və istər gənclərin, istərsə də insanlığın həsrətini çəkdiyi bu ülvi duyğuların qəlblərə yerləşməsini təmin etmək bu gün ən böyük xidmətlərdən biridir.

Şübhəsiz ki, yaşadığımız dövr hər yeri əhatə edən zülmə qarşı səssiz qalacaq dövr deyil. Dünyaya sevginin, qardaşlığın hakim olmasını istəyən bütün insanlar və ən əsası da bütün dünya gəncləri birlik olub milyonlarla məzlumun haqqını müdafiə etməli, dünyada sülhün təmin olunması üçün əl-ələ verməli, rahat və təhlükəsiz gələcəyin qurulması naminə xeyirli və təsirli işlər həyata keçirməlidirlər. 

www.imanimovzular.com


 

Xəbər lenti

Bütün xəbərlər