12 Dekabr 2017 Çərşənbə axşamı

Eqoizm - zəif xarakterin xüsusiyyəti


Eqoist insan ən bəsit hərəkəti belə edə bilər.

2016-04-29 20:28

Eqoizm - zəif xarakterin xüsusiyyəti

İnsanlar çox tez eqoist ehtiraslara qapılır, hər fürsətdə özlərini ön plana çıxarmağa, mənfəətlərini qorumağa və hər kəsdən çox sevilməyə çalışırlar. Əgər iradə göstərməsə, nəfsi insana “yalnız məni sevsinlər, tərifləsinlər, təqdir etsinlər”' kimi eqoist təlqinlər verir. Bu əxlaqa sahib insanlar başqalarının rahatlığını və xoşbəxtliyini həmişə ikinci plana atırlar. İman gətirənlər isə nəfslərindəki bu hissə qalib gəlib Allahın razı olduğu əxlaqı yaşayırlar.

Ancaq bəzi insanlar “onsuz da dinin bəzi hökmlərini yerinə yetirirəm, biraz da öz mənfəətlərimi güdməyimin nə zərəri var?” kimi səhv düşüncəyə qapılırlar.Hətta insanın öz mənfəətini güdməsini “həyatın reallığı” kimi qəbul edirlər. Yəni Qurana görə bunun yanlış olduğunu anlasalar da, şüuraltında həyatda sağ qala bilmək üçün əvvəlcə öz mənfəətini güdməli olduqlarını düşünürlər. Əks təqdirdə, alçaldılacaqlarını və zərərə uğrayacaqlarını zənn edirlər. Bu düşüncələrinə görə də fədakar və düşüncəli olmaq üçün nəfslərini tərbiyə etmirlər. Halbuki insanın mənfəətini qoruyan tək güc Allahdır. İnsan eqoist davransa, özü üçün mənfəət də əldə edə bilməz.

İnsanların eqoistliyi ən çox mala və cana olan bağlılıqları ilə üzə çıxır. Gözəl və yaxşı olan hər şeyi yalnız özləri istifadə etmək istəyirlər. Məsələn, kimsə əşyalarından istifadə etmək istəyəndə vermək istəmədikləri üçün yalan danışırlar. Eynilə, ediləsi çətin iş olanda da müxtəlif bəhanələrlə bundan qaçaraq başqalarının bunu öz boynuna götürməsinə çalışırlar. Həmişə öz istəklərinin reallaşmasını istəyir və ya son sözü özünün söyləməyini sevirlər. İşlər bölüşdürülsə, ən asanı seçib, çətini başqalarına saxlayırlar. Yorucu, fədakarlıq tələb edən işlərə girmirlər. Halbuki çox kiçik mənfəət əldə etmək üçün edilən bu rəftarlar insanın nə qədər səmimiyyətsiz olduğunu göstərir. Səmimiyyətsizlik isə insanın rahat yaşamağına imkan vermir.Yalnız öz mənfəətini güdən bir insan həmişə gizlincə ətrafındakı insanları aldatmaqla məşğul olur. Demək olar ki, həyatı boyu da bu gizli səmimiyyətsizliyinin ortaya çıxması qorxusu ilə yaşayır. Saleh müsəlmanların isə heç vaxt belə qorxuları olmur. Quranda səmimi müsəlmanların Allahın razılığını qazanmaq üçün canlarını və mallarını ortaya qoyduqları, heç bir qarşılıq gözləmədən yaxşılıq etdikləri, digər insanlarının ehtiyaclarını özlərininkindən üstün tutduqları bildirilir.

“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): "Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! ...” (İnsan surəsi, 8-11)

Fədakar əxlaqlarına görə Allah bu insanlara nur bəxş edir. Fədakar insan daha çox yorulan, malını-mülkünü verən, pulunu xərcləyən və öz istəklərindən keçən kimi görünsə də, vicdanən ən rahat, ən xoşbəxt, ən gözəl yaşayan da odur.

www.insanxarakterleri.com


 

Xəbər lenti

Bütün xəbərlər