İslam dini sosial ədalətin təminidir


Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır.

2016-09-21 22:58

İslam dini sosial ədalətin təminidir

Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır. Ən zəngin ölkələrdə belə küçədə yaşayan, zibilliklərdən yemək axtaran insanlar görməyimiz mümkündür. Bu görüntülər vicdan sahibi olan hər kəsi narahat edir. Bu narahatlığı yaşayan insanların arzusu eynidir: aclıq, yoxsulluğun bitməsi, ədalətin, mərhəmətin dünyaya hakim olması.

Dünyadakı bu vəziyyətin səbəbi ədalətsiz gəlir bölgüsündən qaynaqlanır. Qurulan sistemlər zənginin daha da zənginləşməsinə, kasıbın isə vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Bəzi statistika nümunələrinə nəzər salaq:

Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir.

1,5 milyard insan elektrikdən məhrumdur. Afrikadakı ölümlərin əksəriyyəti malyariya, vəba, tənəffüs yolu və ya doğuş öncəsi infeksiyalar kimi qərb dünyasının çoxdan həll yolu tapdığı xəstəliklərdən qaynaqlanır. 2015-ci ildə hər 7 nəfərdən biri gündə 1,25 dollarla həyatını davam etdirməyə çalışır. Dünyanın 250 trilyon dollar olaraq hesablanan ümumi sərvətinin yarısına əhalinin 1%-i, geri qalan digər yarısına isə 99%-i sahibdir. "Forbes" jurnalının siyahısında dollar milyarderi olaraq açıqlanan 1.200 nəfərin ümumi sərvəti 4,5 trilyon ABŞ dollarıdır. Eyni siyahının başındakı 62 nəfərin ümumi sərvəti dünyada ən kasıb 3,5 milyard insanın sərvətinə bərabərdir.

Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan ABŞ-ın ən zəngin 20%-i bütün sərvətlərin 85%-nə malikdir. Geri qalan 15% isə 250 milyon nəfər arasında bölüşdürülür.

Bu nümunələri çoxaltmaq mümkündür, lakin bu durumdan çıxış yolu nədir? Əvvəldə də qeyd etdiyim kimi, hazırkı sistemlər bu durumu daha dərinləşdirməkdən başqa bir işə yaramır. İstər kapitalizm, istər kommunizm sosial ədaləti təmin etmədə uğursuz oldu. Kapitalizm mülkü müəyyən şəxslərin əlində cəmləyərkən , kommunizm insanları zənginləşdirərək deyil, yoxsullaşdıraraq bərabərləşdirdi. 
Sosial bərabərliyin təmin edilməsi üçün ən ideal sistem Quranda bildirilib. Peyğəmbərimizin (səv) dövrü müsəlmanların sevgi, qardaşlıq, yardımlaşma mühitində necə gözəl şəkildə yaşadıqlarına nümunədir. Hər birimizin bildiyi kimi, Məkkədən müsəlmanlar Mədinəyə hicrət edərkən mədinəlilər evlərini məkkəli qardaslarına açmış, sahib olduqları hər şeyi onlarla bölüşmüşlər. Özləri ehtiyacı olduqları halda, mallarını mədinəli qardaşları ilə paylaşmışlar.

(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. (Həşr surəsi, 9)

Quranın müxtəlif ayələrində, müxtəlif hədislərdə paylaşmağa və yardımlaşmağa təşviq edilir. Sadəcə müsəlmanlara deyil, xristianlara, yəhudi və ya bütpərəstlərə də yardım etməyə dəvət edilir.

Lakin buna baxmayaraq, insanlar arasında sevgi və mərhəmət birliyi olmadığı üçün ildə təqribən 2 milyon uşaq aclıq və aclıqla bağlı səbəblərdən həyatını itirir. Ərəb ölkələri müsəlmanlara yardım etmək əvəzinə, milyonlarla dollarları idman klublarına və əyləncə mərkəzlərinə xərcləyir. Afrika dünyanın ən zəngin qitəsi olmasına baxmayaraq, insanların ən yoxsul şəkildə yaşadığı qitədir. Bunun səbəbi Avropanın müstəmləkə siyasətini hələ də davam etdirməsidir.

Dünyada 7 milyard insan yaşayır. Heç kim “mən öz həyatımı yaşayım, digərləri məni maraqlandırmır” deməməlidir. Dünyadakı ədalətsizliyə,zülmə laqeyd qalmaq Quran əxlaqına uyğun davranış deyil. İnsanlar vicdanlı şəkildə davranıb möhtac olanlara yardım etməli, ətraflarındakılara sevgi və mərməhətlə münasibət göstərməlidirlər. Dünyada eqoizm deyil, sevgi hakim olarsa, yoxsulluq problemi də ortadan qalxar.

Aysel Vəlizadə


 

Xəbər lenti

Bütün xəbərlər