23 Oktyabr 2017 Bazar ertəsi

Mədəniyyətlər beşiyi Əndəlusdən dövrümüzə dərslər


Əndəlus İslam mədəniyyəti isə tarix səhnəsinə çıxmış bütün mədəniyyətlər arasında çox saylı xüsusiyyəti ilə müstəsna əhəmiyyətə malikdir.

2016-09-28 19:31

Mədəniyyətlər beşiyi Əndəlusdən dövrümüzə dərslər

Hər bir mədəniyyət müəyyən aspektləri ilə tarixə düşüb, hər biri ardında fərqli izlər buraxıb. Əndəlus İslam mədəniyyəti isə tarix səhnəsinə çıxmış bütün mədəniyyətlər arasında çox saylı xüsusiyyəti ilə müstəsna əhəmiyyətə malikdir.

Qərb tarixçilərinin qaranlıq dövr kimi səciyyələndirdiyi orta əsrin parıldayan ulduzu Əndəlus Avropa mədəniyyətinin formalaşmasında aparıcı rol oynayıb. Şəhər yenilik, mədəniyyət və sivilizasiya anlayışlarının zirvəyə çatdığı əsas mərkəz idi. Avropa günəşin batması ilə qaranlığa qərq olarkən Əndəlusə bağlı Kordova küçələri 24 saat lampalarla işıqlandırılırdı. Avropa çirk və palçıq içində olarkən, Kordovanın dörd tərəfi səki ilə örtülmüşdü və mindən çox hamamı var idi. Dövrün Paris və London xalqları çay sahillərindəki daxmalarda yaşayarkən Kordova müasir şəhər rahatlığına yaxın xüsusiyyətlərə malik idi. Xəstəxana, kitabxana və məktəbləri ilə şəhər elm və mədəniyyət mərkəzi idi. Kordova kitabxanası 600 min cild əlyazma kitabı ilə dövrümüzün böyük kitabxanaları ilə yarışacaq böyüklükdədir. Avropa əsilzadələri öz adlarını belə yaza bilməzkən, Kordovada uşaqlar məktəbə gedirdilər. [1]

İspaniya yarımadası İslam dini ilə hicrətdən yüz il sonra tanış olmuşdu. Tariq ibn Ziyadın Şimali Afrikadan gələrək İspaniyaya ayaq basmasından sonra müsəlmanlar tarixin ən görkəmli mədəniyyətlərindən birini qurmuşdular. Orta əsrin qaranlıq düşüncəsinin hər yerə hakim olduğu, vəba ilə milyonların yox olduğu, yüz illik müharibələri ilə millətlərin bir-birini qırdığı dövrdə İspaniya və Əndəlus mədəniyyəti bəşəriyyətin qüruru idi.

Əndəlus 8 əsr İslam mədəniyyətinin Avropadakı mərkəzi oldu. Avropa İslam mədəniyyəti sayəsində inkişaf edən tibb, elm, təhsil və memarlıqdan artıqlaması ilə istifadə etdi. Bir çox tarixçi Avropa İntibahının başlanğıc nöqtəsinin Əndəlus mədəniyyəti olduğunu düşünür və Kordovanı "ən yüksək mədəniyyət səviyyəsinə malik şəhər" kimi göstərir. Orta əsr Avropasında elmin inkişafının İslam alimlərinin əsərləri sayəsində mümkün olduğunu hər kəs qəbul edir. [2]

Əndəlus mədəniyyətinin ən gözəl nümunələrindən biri olan Əlhambra sarayı da təbii mühit ilə mükəmməl harmoniyaya malik idi. Çox qarışıq quruluşu və xüsusi bəzəkləri vardı. Əndəlusdə yaşayış sahələrində su və yaşıllıq harmoniya içində idi. Saray, dövrümüzün təbiət dostu yaşıl binaları ilə oxşar xüsusiyyətlərə malik idi.

Əndəlusun möhtəşəm şəhər memarlığı da təbiəti qoruyan xüsusiyyətlərə malik idi. Şəhərin hər tərəfinə yayılmış bağ və hovuzlar su dəyirmanları ilə daşınan sularla suvarılırdı. Bu bağlar Qurandakı cənnət təsvirləri nümunə götürülərək salınmışdı. Şəhərin hər nöqtəsinə ehtişam hakim idi.

Əndəlus gözəllik və ehtişamla yanaşı, elmin və tibbin də mərkəzinə çevrilmişdi. İslam alimlərinin astronomiya və riyaziyyatda əldə etdikləri yeni kəşflər çox qısa müddətdə Pireney yarımadasına çatırdı. Qərb dünyasının Nyuton, Dekart və ya Fibonaççi kimi mühüm elm adamları əsərlərində müsəlmanların yazdığı kitablara istinad edirdilər. Müsəlman həkimlər dövrümüzün əməliyyatlarına oxşar cərrahi əməliyyatlar edirdilər. Maykl Skot vasitəsilə İtaliyaya köçən İbn Rüşd (Averroes) və İbn Sinanın (Avicenna) əsərlərinin Avropa İntibahının meydana çıxmasında  böyük təsiri olmuşdu.

Avropa moda ilə də Əndəlus vasitəsilə tanış olmuşdu. İtalyan dərzilər İslam dünyasından gələn parçaları tikərək məşhur olmağa başlamışdılar. Müsəlman dünyasındakı dəzgahlarda toxunan parçaların keyfiyyəti Avropadakılardan qat-qat yüksək idi. Müsəlman musiqiçi Ziryap müxtəlif mövsümlərə və günün fərqli saatlarına xas geyim mədəniyyətini Əndəlusə gətirdi. Diş məcunu, dezodorant kimi şəxsi gigiyena ləvazimatları Ziryab vasitəsilə əvvəl Pireney yarımadasına, oradan da Avropaya gəldi.

Əndəlus dövləti müsəlmanlar, xristianlar və yəhudilərin birlikdə rahatlıq içində yaşadığı sosial dövlət idi. Dövrə aid bir çox əsər 3 dinə mənsub sənətkarların qabiliyyətlərini nümayiş etdirirdi. Dövrün məscidlərində yəhudi bənnaları ilə  yanaşı xristian masonların da əməyi var idi.

Əndəlüs İslam mədəniyyəti 800 ildə 80 min saray və malikanə, 80 məktəb, 600 məscid və 600 karvansaray inşa etmişdi. Təəssüf ki, bu böyük əsərlərdən dövrümüzə qalanların sayı onlarla ifadə edilir. Mühüm memarlıq əsərlərindən olan Kordova məscidi kilsəyə çevrilib. Memarlıq şah əsəri Əlkasar sarayı isə kral Ferdinand və kraliça İsabel tərəfindən inkvizisiya məhkəmələrinin əsas mərkəzi olaraq istifadə edilmiş, ərəb hovuzları da işkəncəxanaya çevrilmişdi.

Müsəlmanlardan sonra yarımadaya hakim olan katolik krallıq yəhudiləri həmin bölgədən sürgün edərək onminlərlə yəhudi vətəndaşının mülkünü ələ keçirmişdi. Amerikanın kəşfi ilə də əsgərlər başda inklər və azteklər olmaqla bölgə xalqlarına qarşı qətliam törətmiş, əldə etdikləri qənimətləri İspaniyaya göndərmişdilər.

Bir sözlə, müsəlman hakimiyyəti regionu Avropanın ən zəngin, ən inkişaf etmiş əraziləri halına gətirmişdi. Elm, mədəniyyət, incəsənət olduqca inkişaf etmişdi. Digər tərəfdən, Əndəlus müsəlman və Qərb dünyası arasında münasibətlərin İslamın gətirdiyi qardaşlıq, mehribanlıq, sülh, yardımlaşma kimi dəyərlər çərçivəsində sağlam şəkildə addımlaya biləcəyini göstərirdi. Bütün bu aspektləri ilə Əndəlus mədəniyyəti bir çox sahədə dövrümüzə nümunə təşkil edir. Şübhə yoxdur ki, bu gün dünya Əndəlus mədəniyyətinə bənzər mədəniyyətə ehtiyac duyur. Müsəlmanlar bu mövzuda yenə öncüllərdən olub dünyanın bu günə qədər görmədiyi demokratiya, müasirlik və gözəllikdə yeni mədəniyyət qurmalıdırlar. Bu addım üçün lazım olan təməl İslam dinində mövcuddur. Bu ali məqsədə çatmaq üçün dinimizə sonradan əlavə olunan bidətləri çıxarıb Quranın əslinə qayıtmaq kifayətdir. Müsəlman aləmi İslamın ilk illərindəki o ehtişamlı dövrün yeniliyə açıq mədəniyyətini, şövq və həyəcanını nümunə götürməli, 21-ci əsrdə yeni Qızıl Əsr yaratmalıdırlar.     

[1] Ahmad Thomson, Endülüs’te Müslümanlar (The Muslims in Andalusia).
[2] (http://www.historyonthenet.com/blog/six-important-islamic-advances-in-medieval-medicine)

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/07/159048/lessons-al-andalus

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər