Şükür etməyin əhəmiyyəti


İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır.

2016-12-06 19:32

Şükür etməyin əhəmiyyəti

İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır. Düşünün ki, siz bir insanı çox sevirsiniz, ona nə qədər yaxşılıq etmisiniz, əlinizdən gələn hər cür köməkliyi əsirgəməmisiniz. Ancaq o insan sizin etdiyiniz yaxşılığı unudarsa və sizə dəyər verməzsə, sizin münasibətiniz buna necə olar? Lap yaxşılıq etdiyiniz insan sizə eyni yaxşılıqları etməsə də, ən azından o insanın bu yaxşılıqları unutmamasını, sizə təşəkkür etməsini gözləyərsiniz, elə deyilmi?

Bir də dünyada ən çox təşəkkür edilməyə layiq olan Allah haqqında düşünməyinizi istəyirəm bu məqaləmdə. Hər birimiz uşaqlıqdan “Allaha şükür” ifadəsini çox eşitmişik. İnsanlar bilərək, yaxud da dildə vərdiş olduğundan bu ifadədən çox istifadə edirlər. Halbuki şükür Allahın Quranda bir çox yerdə əmr etdiyi ibadətlərdən biridir. Şükür etmək verilən hər bir nemətin Allahdan olduğunu bilib bunlara görə Ona təşəkkür etməkdir. Məsələn, sizə belə nümunə verim. Payız fəslindəyik, nə qədər meyvə çeşidləri var indi. Alma, portağal, nar, xurma, heyva, kivi, mandarin və s. Bu meyvələrin hər birini ağlınızda bir an olsun canlandırın. Hər biri fərqli formada, fərqli dadda, hər birində fərqli minerallar və vitaminlər var. Allah narı necə gözəl yaradıb, içinə tək-tək nar dənələrini estetik formada yerləşdirib. Bəs bu nemətlərin haradan gəldiyini heç düşünmüsünüzmü? Bu nemətləri qara torpaqdan bizim üçün elə estetik formada çıxardan, onlara bizim üçün faydalı vitaminlər yerləşdirən kimdir? Əlbəttə, sonsuz lütf sahibi Allahdır. Dünyada bütün insanlar bir yerə toplaşsalar, yenə də Allah diləmədikcə bir meyvə ağacı belə bitirə bilməzlər. Ancaq Allah bizim üçün nə qədər nemətlər bəxş edir. Allah bir Quran ayəsində belə buyurur:

Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin! (Bəqərə surəsi, 152)

Biz necə etdiyimiz çox az yaxşılıq müqabilində insanların vəfalı olmasını istəyiriksə, Allah da bizə verdiyi sonsuz yaxşılıqlar qarşında bizdən şükür etməyimizi və vəfalı olmağımızı istəyir. Odur ki, ətrafınıza, özünüzə, sahib olduğunuz nemətlərə yenidən nəzər salın, nə qədər Allaha şükür etməli nemətlərə sahib olduğunuzu görəcəksiniz və bu da sizin Allaha yaxınlığınızın artmasına vəsilə olacaq inşaAllah. Əgər bir insan ona verilən nemətlərə görə Allaha şükür etsə, Allah ona daha çox nemət verər. Allah Quranda bildirdiyi kimi:

“...Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7) 

Gülnarə Yadigarova


 

Xəbər lenti

Bütün xəbərlər