29 İyun 2017 Cümə axşamı

Saxta bayraq əməliyyatları


Hərbi qüvvələrin, kəşfiyyat təşkilatlarının, ya da terrorçu qrupların hamısı adi silahlı qüvvələrdən başqa strategiya olaraq aldatma üsulları tətbiq edir.

2016-12-22 23:59

Saxta bayraq əməliyyatları

Sülh iradə, səbir və zəhmət tələb edir. İnsanların bir arada əmin-amanlıq şəraitində rahat yaşaması asan və gözəl ikən, tarix boyu bir çox nəsil müharibəni, öldürməyi, qətliamı asan görüb. Sülhdə, sevgidə, dostluqda iradə göstərmək əvəzinə, ən kiçik bir münaqişəni yüz minlərlə insanın qanının axdığı müharibəyə çevirməyi üstün tutublar. Bəzən də ortada hər hansı bir münaqişə olmadığı halda, müxtəlif hiylə və aldatmalarla münaqişələrin zəminini hazırlayıblar.

Hərbi qüvvələrin, kəşfiyyat təşkilatlarının, ya da terrorçu qrupların hamısı adi silahlı qüvvələrdən başqa strategiya olaraq aldatma üsulları tətbiq edir. Burada hədəf  mövcud qüvvələr, məqsəd strategiya kimi məlumatların qarşı tərəfdən gizlədilməsidir. Başqa məqsəd isə döyüşən tərəfin öz tərəfdarlarında, xalqında və ya dünya ictimaiyyətində razılıq yaratmaqdır. Bəzən bu məqsəd cəmiyyətləri və ya hakimiyyətləri qızışdırmaq və bir istiqamətə doğru istiqamətləndirmək üçün də istifadə edilir.

 

Bu cür əməliyyatlar saxta bayraq, kontrgerilla, çirkli müharibə və ya qara piar adlandırılır. "Saxta bayraq" adlandırılmasının səbəbi keçmişdə taxta gəmilər dövründə gəmi komandirlərinin qarşı tərəfə hiss etdirmədən yaxınlaşmaq üçün həmin tərəfin bayrağını dalğalandıraraq yaxınlaşmasıdır. Bu halda digər gəmi özünə yaxınlaşan gəminin bayrağına baxaraq onu dost zənn edir, ancaq atış məsafəsinə girdikdə iş işdən keçmiş olurdu. Bu aldatma üsulu hazırda qeyri-qanuni əməliyyatların ümumi adına çevrilib. Bu əməliyyatları həyata keçirmək məsələsində dünya miqyasında məşhur quruluş isə İngiltərə Dərin Dövlətidir. İngiltərə tərəfindən yaxın tarixdə təşkil edilən iki saxta bayraq əməliyyatını qısa şəkildə belə izah edə bilərik:

 

1953-cü ildə İranda çevrilişə cəhd [1]: 1950-ci illərdə İranın neft gəlirləri böyük miqdarda İngiltərəyə axır və İran xalqı öz mənbələrindən istifadə edə bilmirdi. İranın neft sənayesini ümumiləşdirmə planlarından qorxan İngiltərə dərin dövləti 1952-ci ildə çevriliş ideyasını ortaya atdı və Amerika Birləşmiş Ştatlarını İranın Baş nazirini devirmək üçün ortaq əməliyyat başlamağa vadar etdi. MI6 general Fazlollah Zahedini Baş nazir Məhəmməd Mossadeghin yerinə keçirmək üçün müəyyən etdi və çevrilişdən iki gün sonra gizli şəkildə general Zahedi rejiminə 5 milyon dollar pul köçürdü. Bu zaman MI6 üçün işləyən bəzi iranlılar bombalı aksiyalar təşkil etdilər. Məqsəd ölkənin müsəlman xalqını Mossadeghə qarşı qızışdırmaq idi.

 

1957-ci il Suriyada çevriliş cəhdi [2]: İngiltərə dərin dövləti 1957-ci ilin avqust ayında Suriya rəhbərliyini devirmək üçün terror təşkilatlarını və bəzi saxta bayraq əməliyyatlarını təşkil etdi. Suriya sərhədində saxta qarışıqlıqlar yaradılacaq, buna əsaslanaraq bəzi Qərb bölgələri işğal ediləcək, yüksək rütbəli hökumət nümayəndələrinə sui-qəsdlər təşkil olunacaqdı. Suriya hökuməti qonşu ölkələrə qarşı təxribatlar və zorakılıq hərəkətləri etməkdə təqsirləndiriləcək, İngiltərə dərin dövləti təzyiqi artırmaq üçün psixoloji və operativ hünərlərini nümayiş etdirəcəkdi. Yəni daxili üsyanları qızışdıracaq, həbs edilən siyasi məhkumları azad etməyə çalışacaq və Suriya daxilində müxtəlif təşkilatları hökumət əleyhinə hərəkətə keçirəcəkdi.

 

2005-ci il London hücumları [3]: 7 iyul 2005-ci ildə Londonda bir avtobus dayanacağı və metro xəttində bombalı hücumlar həyata keçirildi. İngiltərənin 11 sentyabrı olaraq da adlandırılan təcavüzdən sonra İngiltərə hökuməti terrorla mübarizə qanunlarında müxtəlif dəyişikliklər etdi, insan hüquqlarına məhdudiyyətlər qoydu. Xüsusilə müsəlman vətəndaşlara qarşı təzyiqlər başladı. Sonrakı illərdə ortaya çıxarılan dəlillər hökumətin təqsirləndirdiyi 4 müsəlman intihar bombaçısının hadisə ilə əlaqəsi olmadığını və bütün əməliyyatın dərin dövlət nəzarətində həyata keçirildiyini sübut etdi.

 

Dünya miqyasında müxtəlif ölkələrin təşkil etdiyi və bu gün ortaya çıxarılmış bir çox saxta bayraq əməliyyatı var. Bunlardan bəzilərini belə sıralaya bilərik: Nasistlərin 1933-cü ildə Almaniya parlament binasını yandıraraq təqsiri müxalifətçilərin üzərinə atması, yaponların 1931-ci ildə qatar yolunda bomba partladaraq təqsiri çinlilərin üzərinə atması və bu sayədə Mançuriyanın işğalını haqlı göstərməyə çalışmaları, 1950-ci illərdə Qladio tərəfindən İtaliyada və bəzi Avropa ölkələrində müxtəlif sui-qəsdlər təşkil edilərək təqsirin müxaliflərin üzərinə atılması kimi bir çox nümunə qarşımızdadır.

 

Buradan anlayırıq ki, dünyada məqsədlərinə çatmaq naminə "pisliyi təşkil edib həyata keçirən" dərin qüvvələr var. Bu qüvvələr hədəflərinə çatmaq məqsədilə günahsız mülki vətəndaşların həyatına son qoyacaq hadisələr törədir və bu əməliyyatları başqaları keçirmiş kimi göstərərək yerli və qlobal mediada xalqın nəzərində fikir yaratmağa çalışırlar. Məqsəd bəzən dərin quruluşun mənafeləri ilə toqquşan hökuməti və ya hökumət nümayəndəsini aradan qaldırmaq, ya da bu hökumətin və ya rəhbərin etibarını sarsıtmaq, bəzən də bir etnik qrupa və ya qeyri-hökumət təşkilatına qarşı xalqda nifrət oyatmaq olur. Bu əməliyyatların etnik mənsubiyyətə və ya inanc qruplarına qarşı həyata keçirildiyi də tez-tez görünür. Məsələn, saxta şəxsiyyət vəsiqəli təcavüzkardan istifadə edilərək terror aktı həyata keçirilir və bu insan dinə mənsub, məsələn, müsəlman kimi göstərilərək etdiyi əməl bütün müsəlmanlara şamil edilir. Hücumun keçirildiyi ölkədə müsəlmanlara qarşı xalqda nifrət yaratmaq istənilir, hökumətlər müsəlmanların hüquqlarını məhdudlaşdıracaq, onları sıxıntıya salacaq müxtəlif tətbiqlərə məcbur edilir.

 

Beləliklə, həm xalqların, həm də hökumətlərin çox diqqətli  olması bu cür saxta bayraq əməliyyatlarının məqsədinə çatmaması üçün çox vacibdir. Bütün hadisələrin ən incə təfərrüatına qədər analiz edilməsi, arxa planda gizli qala biləcək detalların nəzərdən qaçırılmaması, hadisənin ilk göründüyü halı ilə deyil, ortaya çıxan bütün dəlillər işığında qiymətləndirilməsi həyati əhəmiyyət kəsb edir. Bu şəkildə bir fərdə, etnik qrupa, dini inanca və ya bir ölkəyə qarşı ediləcək haqsızlıqları aradan qaldırmaq və həmin hiylələri quranların məqsədinə çatmasının qarşısını almaq mümkün olar.

ensonxeber.az

 

 

 

 

[1] http://www.nytimes.com/library/world/mideast/041600iran-cia-index.html

[2] https://www.theguardian.com/politics/2003/sep/27/uk.syria1?cat=politics&type=article; http://www.euronews.com/2013/08/28/false-flag-operations-a-history-of-controversial-military-decisions; http://www.washingtonsblog.com/2014/07/57-years-ago-u-s-britain-approved-use-islamic-extremists-topple-syrian-government.html

[3] http://www.globalresearch.ca/the-77-london-bombings-and-mi5s-stepford-four-operation-how-the-2005-london-bombings-turned-every-muslim-into-a-terror-suspect/5341948; http://www.channel4.com/news/articles/uk/coincidence%2Bof%2Bbomb%2Bexercises/109010.html

 

 

 

Adnan Oktarın «American Herald Tribune»da dərc edilən məqaləsi:

http://ahtribune.com/history/1394-false-flag-operations.html

 

 


 

Xəbər lenti

Bütün xəbərlər