Uşaq əsgərlər


Bu gün dünyada uşaq əsgərlərin sayı 300 000-ə, uşaqların məcburi şəkildə müharibəyə cəlb edildiyi ölkələrin sayı isə 30-a çatır.

2017-01-04 13:10

Uşaq  əsgərlər
Müharibələr ən böyük ziyanı uşaqlara vurur.Bu gün dünyada bombalar altında yaşayan, silah səslərinə oyanan, bağ-bağçada oynamalı yaşında müharibədən əziyyət çəkən milyonlarla uşaq var.Onlar yaşadıqları şiddətin, silahlı qarşıdurmaların nəticəsində ya yaralanır, həyatlarını itirirlər, ya da kimsəsiz qalıb tək başına qaçqın düşürlər. Qaçqın düşərgələrdə də istismara məruz qalırlar, yemək, su, elektrik, yanacaq,tibbi ləvazimat kimi əsas ehtiyaclardan məhrum olub,xəstə, ac, yoxsul halda yaşamaq uğrunda mübarizə aparırlar.Yüz minlərlə uşaq isə məcburən əsgər edilir.

Romeo Dallaire (təqaüddə olan kanadalı general) "Əsgər kimi vuruşur, uşaq kimi ölürlər” (They fight like soldiers, they die like children) adlı kitabının ilk sətirlərində uşaq əsgərlərin vəziyyətini belə dilə gətirir: "Siz bu kitabı oxuyarkən Latın Amerikası, Asiya, Afrika və Yaxın Şərqdə zorakılığın həyatın ayrılmaz bir parçası olduğunu düşünən çox sayda uşaq var. Yaşları 8-9, 10-17 arasında dəyişən bu uşaqlar həyatlarının ən gözəl vaxtlarını müharibədə keçirirlər".

Acınacaqlıdır ki, bu gün dünyada uşaq əsgərlərin sayı 300 000-ə, uşaqların məcburi şəkildə müharibəyə cəlb edildiyi ölkələrin sayı isə 30-a çatır.Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Suriya, İraq, Yəmən, Somali, Cənubi Sudan, Sudan, Konqo, Mali, Myanma və Filipinlər bu ölkələrdəndir.

Tarixdə ilk dəfə uşaq əsgərlərdən Vyetnam müharibəsində istifadə edilmişdi, kamikadze uşaqlardan ilk istifadə isəİsrail-Fələstin münaqişələrində ortaya çıxdı.Hazırda isə ən çox Yaxın Şərq regionunda uşaqlardan canlı bomba kimi istifadə edilir.Myanma isə ən çox uşaq əsgərə malik dövlətdir.Üstəlik burdakı uşaq əsgərlərin sayı hər keçən gün artır, ordudakı əsgərlərin 20%-dən çoxunu uşaqlar təşkil edir.

Mozambik, Liberiya, Syerra-Leone və Uqanda kimi ölkələrdə baş verən silahlı toqquşmalarda da əsasən uşaq əsgərlər istifadə edilir. Liviyada baş verən vətəndaş müharibəsində uşaqlar Kufra bölgəsində Zvaya və Tabu qüvvələri ilə birlikdə binaların təhlükəsizliyini təmin etmiş və silahdaşımışdılar.Əfqanıstanda 17 il davam edən müharibədə də uşaqlardan əsgər kimi istifadə edilmişdi, əsgərlərin 45%-ni 18 yaşından kiçik uşaqlar təşkil edirdi.                                                      

Yəməndə vuruşanların 1/3-nin uşaq olduğu məlumdur.Cənubi Sudanda isə uşaq əsgərlərin sayı 16 minə yaxındır. 17 yaşlı cənubi sudanlı bir gənc Human Rights Watch təşkilatına verdiyi bəyanatda qaçırılıb əsgər kimi istifadə edildiyi günə qədər silahdan istifadə edə bilmədiyini, cəmi bir günlük təlimdən sonra digər uşaqlarla bərabər cəbhəyə aparıldığını deyir, ilk gündəcə aralarından yeddi nəfərin öldürüldüyünü qeyd edir.

Böyüyəndə pilot olmaq istəyən 12 yaşlı cənubi sudanlı keçmiş uşaq əsgər Simonun orduda keçirdiyi illərdən danışarkən gözlərindəki kədəri sözlərində də hiss etmək mümkündür: "Evdə olmaq orduda olmaqdan daha yaxşıdır, çünki orada bir səhvedəndə sizi həbsə atırlar və həftələrlə döyürlər. Mən orduda yemək hazırlayır, paltar yuyurdum.Sərbəst buraxılanda UNICEF məni sosial təminat müəssisəsinə təhvil verdi. Daha yaxşı insanam.Burda heç kim məni narahat etmir və döymür. Üstəlik, yeməkdə verirlər.Məncə uşaqlar əsgər edilməməlidir".

Uşaqların qaçırılıb müharibəyə cəlb edildiyi bir başqa ölkədə Mərkəzi Afrika Respublikasıdır.Uşaqlar mobil telefon, pulla aldadılır, sonradan isə hərbi bazaların yerini öyrəndikləri üçün evlərinə qayıtmalarına icazə verilmir, ayrılanlar da edam edilir.

Konqolu Ndungutsa 13 yaşındaykən üzləşdiyi dəhşəti belə dilə gətirir: "Kəndimizə gələndə 17 yaşlı qardaşımdan milislərə qoşulmağa hazır olub-olmadığını soruşdular. “Xeyr” – deyə cavab verdikdə qardaşımı başından vurdular.Sonra mənə baxıb “hazırsanmı” – deyə soruşdular.Nə edə bilərdim ki?Ölmək istəmirdim ".

"Syrian Observatory for Human Rights"ın açıqlamasına görə Suriyada vətəndaş müharibəsinin başlamasından etibarən təxminən 12000 uşaq həyatını itirib. Sağ qalan on minlərlə uşaq isə faciəvi şəkildə yaralanıb, gözünü, qulağını digər orqanlarını itirib. Birdə kiçik yaşda əlinə silah verilərək zorla bu müharibələrin bir hissəsi halına gətirilən uşaq əsgərlər var. Onlara öncərgələrdə vuruşmaq, canlı bomba, yaxud da canlı qalxan olaraq istifadə edilmək üçün təlim keçirlər.

Uşaq hüquqlarının müdafiəçisi Rallf Willinger Suriyadakı vəziyyəti təsvir edərkən, "Münaqişə bölgələrindəki bütün tərəflər uşaqları əsgər kimi istifadə edir.Bəziləri bunu bütün dünyanın gözü qarşısında edərkən, bəziləridə uşaqları həkim köməkçisi və ya agent kimi istifadə edir.Beləcə, onlar da təhlükəyə atılmış olur" deyə bildirir.

2003-cü ildən etibarən müharibənin davam etdiyi İraqda da vəziyyət fərqli deyil.Rallf Willinger bu barədə:"Müharibə uzandıqca uşaqların toqquşmalardan uzaq qalması çətinləşir" deyə qeyd edir.

Məcburi şəkildə əsgər edilən bu uşaqlara sonradan geniş miqyaslı sosial-psixoloji dəstək verilsədə zorakılığın izlərinin tamamilə aradan qaldırmaq mümkün olmur. Ona görə dövrümüzdə davam edən siyasi münaqişələrin biran əvvəl həll olunması, dinc xalqın və uşaqların bu münaqişələrdən uzaq tutulması və yeni müharibələrin başlamaması üçün çox ciddi işlər görməlidir.

Dünyanın ən dəyərli varlıqlarından olan uşaqların belə bir zülmə tərk edilmələri qəbul edilməzdir. Uşaqların sevinc və əmin-amanlıq içində, sevgi, şəfqət, mərhəmət, sülh içində xoşbəxt yaşayacaqları bir dünya xəyal edən bütün insanlar bu vəziyyətin aradan qalxması üçün səy göstərməlidir.Müharibələrdə ölən, öldürülən və başqalarını öldürməyə məcbur edilən, yaralanan, şikəst qalan və ölüm təhdidi altında başqalarını yaralayıb şikəst etmək məcburiyyətində qalan bütün uşaqları xilas etmək üçün, onlara parlaq gələcək qurmaq üçün hər kəs əlindən gələni etməlidir.Hər şeydən əvvəl ölkələr arası qarşı durmaların səbəblərini aradan qaldırmaq üçün ortaq sevgi dili yaradılmalı və hərbi üsullar əvəzinə problemlərin sevgi əsaslı diplomat ilə həll edilməsi təmin olunmalıdır.


 

Xəbər lenti

Bütün xəbərlər