Müsəlman niyə təkamülçü ola bilməz?


Müsəlman niyə təkamülçü ola bilməz?

2017-08-16 12:09

Müsəlman niyə təkamülçü ola bilməz?

BƏZİ MÜSƏLMANLAR 1940-50-ci illərin məlumatına əsaslanaraq təkamül nəzəriyyəsinin elm tərəfindən dəstəkləndiyini zənn edir, müsəlmanların təkamülü Darvindən əvvəl bildiklərini önə sürərək İslamla həmin nəzəriyyəni uzlaşdırmağa çalışırlar. Belə bir məntiq tamamilə bilgisizlikdən qaynaqlanır. Elm təkamülün əsassız olduğunu sübut etmişdir. Elm yaradılış həqiqətini təsdiqləyir.

Hər şeyi Allahın yaratması müsəlmanın iman etdiyi və Quranda xəbər verilən həqiqətdir. Buna görə də bir müsəlman qədim Misir və şumerlər dövründən qalan və hər şeyi təsadüflərlə açıqlayan bütpərəst təkamül nəzəriyyəsi ilə eyni şeyi müdafiə edə bilməz.

Əlbəttə, Allah istəsə idi, canlıları təkamül vasitəsi ilə yarada bilərdi. Lakin Quranda bu barədə hər hansı bir işarə yoxdur və təkamülçülərin irəli sürdüyü kimi, növlərin mərhələli şəkildə əmələ gəldiyini dəstəkləyən heç bir ayə mövcud deyil. Əgər belə bir yaradılış forması olsa idi, bunu Quran ayələrində ətraflı şəkildə görə bilərdik. Əksinə olaraq, Quranda canlıların və kainatın Allahın “ol” əmri ilə möcüzəvi şəkildə var edildiyi xəbər verilir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

 

Quranda insanın yoxdan və ən gözəl biçimdə yaradıldığı bildirilir:

Biz insanı ən gözəl surətdə yaratdıq! (Tin surəsi, 4)

O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)

Hz.Adəm və bütün insanlar hələ kainat yaradılmamışdan əvvəl zər aləmində mövcud idilər

Allah Quranda kainat yaradılmamışdan əvvəl insanları zər aləmində var etdiyini və hamısından əhd aldığını bildirmişdir:

Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Bu,) Qiyamət günü: “Biz bundan qafil idik”, – deməməyiniz üçündür. (Əraf surəsi, 172)

Göründüyü kimi, ayədə kainat hələ var edilmədən əvvəl insanların yaradıldığından, qüsursuz və tam olaraq var olduqlarından və Allaha əhd verdiklərindən bəhs olunur. Ayədə deyilənlərə əsasən, kainat olmasa da, danışan, eşidən, əhd verən və bütün fiziki xüsusiyyətləri tam olan insanlar vardır.

Ayənin ərəbcəsi belədir:

___________________________________________________________________________

“Və iz əxazə Rəbbikə min bəni Adəmə min zuhurihim zurriyyətuhum və əşhəduhum əla ənfusihim, ələstu birəbbikum, qalu bəla, şəhidna ən təqulu yəvməl-qiyaməti inna kunna ən həza ğafilin”.

  • Və iz əxazə– və çıxardığı, aldığı zaman (iz– o vaxt ki, xatırla, o halda, elə isə, onda, o zaman, … anda, … dığı vaxt, çünki, ona görə, … dığı üçün, səbəbi ilə)
  • Rəbbikə– sənin Rəbbin
  • Min bəni Adəmə– Adəm oğullarından
  • Min zuhurihim– onların bellərindən
  • Zurriyyətuhum– onların zürriyyətlərini, onların soylarını, onların nəsillərini
  • Və əşhəduhum– və onları şahid tutdu
  • Əla ənfusihim– nəfslərinə (özlərinə)
  • Ələstu– Mən deyiləmmi?
  • Birəbbikum– sizin Rəbbiniz
  • Qalu– dedilər
  • Bəla– bəli
  • Şəhidna– biz şahid olduq
  • Ən təqulu– deməyinizə qarşı (deməməyiniz üçün)
  • Yəvməl-qiyaməti– Qiyamət günü
  • İnna– şübhəsiz ki, biz; həqiqətən, biz
  • Kunna– biz olduq, …idik
  • Ən həza– bundan
  • Ğafilin– qafillər, xəbərsiz olanlar

Ayədə işlənən “zürriyyət” ifadəsi bu ayədən başqa, Quranda 18 müxtəlif yerdə işlənir. İslam alimləri yekdilliklə bu kəlmənin bütün ayələrdəki mənasının insan nəsli olduğunu vurğulayıblar. Bu ayədə də Adəmin zürriyyətindən, yəni hz.Adəmin soyundan – dünyada yaşamış və yaşayacaq bütün insanlardan bəhs edilir. Çünki söhbət yalnız hz.Adəmin özündən alınan əhddən getsə idi, “Rəbbin Adəmdən əhd almışdı” ifadəsi işlənərdi. Belə ki, ayədəki ifadədə bütün insanlar nəzərdə tutulur.

Ayənin əvvəlindəki “iz – xatırla o zamanı” ifadəsi isə hz.Adəmin zürriyyətinə, yəni bütün bəşəriyyətə olan xitabın vaxtını göstərir. “İz” kəlməsi keçmişdə olan hər hansı bir hadisə haqqında istifadə olunan zaman ədatıdır. Mənası isə “keçmişdə olan bu hadisəni xatırla” deməkdir. Söhbət bütün insanların keçmişdə, hələ kainat yaradılmadan əvvəl verdikləri əhddən gedir.

Quranın başqa ayəsində insanların iki dəfə ölüb-dirildikləri xəbər verilir:

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Oddan) çıxmağa bir yol varmı?” (Ğafir surəsi, 11)

Belə ki, bu ayədə xəbər verilən ilk ölüm və dirilmə zər aləmində insanlar söz verdikdən sonra onların bir növ ölməsi, sonra Allahın ata-ananı vəsilə edib onları dünyaya gətirməsidir. İkinci ölüm isə dünyadakı bildiyimiz fiziki ölüm olacaq və insanlar axirətdə ikinci dəfə diriləcəklər.

Belə bir vəziyyətdə isə Quranda təkamüllə yaradılışın mövcudluğunu müdafiə edənlərin insanların mərhələli şəkildə yaranması iddiası tamamilə əsassız olmuş olur. İnsan dünyada mərhələli şəkildə yaranmamışdır. Zər aləmində bütün insanlar, həmçinin hz.Adəm və digər peyğəmbərlər var. Hz.Adəmin və digər insanların bir neçə təkamül prosesindən keçib bugünkü insan olduğu iddiası doğru deyil. Hz.Adəm əvvəlcə bütün insanlar kimi zər aləmində vardır, sonra cənnətdə yaradılmış, daha sonra dünyaya göndərilmişdir:

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”(Sad surəsi, 71-72)

Şeytan isə onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən vaxtadək məskən və gün-güzəran vardır”.(Bəqərə surəsi, 36)

Başqa bir Quran ayəsində bütün insanların zər aləmində Allaha verdikləri əhd belə bildirilir:

Allahın sizə göstərdiyi lütfkarlığını və siz: “Eşidirik və itaət edirik!” – dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir. (Maidə surəsi, 7)

Zər aləmində Allaha əhd verənlər təkamülçülərin önə sürdüyü kimi, üzvləri tam inkişaf etməmiş, yarı insan və yarı başqa varlıqlar deyil. Tam və şüurlu insanlardır. Bu həqiqət Quranda təkamül ilə yaradılışın olmadığının açıq sübutudur.

Təkamülü müdafiə edən müsəlmanlar mələklərin və cinlərin yaradılışını izah edə bilməzlər

İnsanın təkamül ilə inkişaf etdiyini irəli sürənlərdən mələk və cinlərin necə yarandığını soruşanda cavab verirlər ki, Allah yoxdan yaradıb. Cin və mələkləri Allahın yaratdığını qəbul edən şəxslərin Allahın insanı da eyni formada yaratdığını düşünüb dərk etməmələri olduqca qəribədir. Mələyi “ol” əmri ilə bir anda yaradan Uca Rəbbimizin insanı da eyni şəkildə yaratdığını görməməkləri çox təəccüblü vəziyyətdir. Allah eyni şəkildə mələkləri insan görünüşündə də bir anda yaradır. Hz.İbrahimin yanına gələn ziyarətçi mələklər qüsursuz insan formasında idilər və bir anda yaradılmışdılar.

Allah Quranda cinlərin insanlardan fərqli olaraq oddan yaradıldıqlarını xəbər verir:

O, insanı saxsı kimi quru gildən yaratdı, cinləri də təmiz oddan yaratdı. (Rəhman surəsi, 14-15)

Quranda xəbər verildiyi kimi, mələklərin yaradılışı da insanın yaradılışından çox fərqlidir. Quranda bu barədə belə məlumat verilir:

Göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. (Fatir surəsi, 1)

Ayədəki ifadədən açıq şəkildə başa düşüldüyü kimi, mələklər görünüş baxımından insanlardan çox fərqlidirlər. Bundan başqa, Quranda həm mələklərin, həm də cinlərin insanlardan əvvəl yaradıldığı xəbər verilir. Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəb olmadan yoxdan var edəndir. Cin və mələkləri fərqli formada yoxdan var etdiyi kimi, insanı da təkamülə ehtiyac olmadan ayrı varlıq olaraq yoxdan var etmişdir. Eyni şey heyvanlara, bitkilərə və digər canlılara da aiddir. Quranda açıq bir həqiqət vardır: Allah canlıların heç birini təkmilləşdirmədən, yəni növləri başqa növlərə döndərmədən bir anda yoxdan var etmişdir.

Təkamülü müdafiə edən müsəlmanlar Quranda xəbər verilən möcüzələri izah edə bilməzlər

Quranda xəbər verilir ki, hz.Musa əlindəki əsanı yerə atır və bu zaman əsa Allahın diləməsi ilə canlı ilana dönür. Göründüyü kimi, əsanı yerə atanda cansız budaq canlı ilana dönür, əlinə götürəndə isə təkrar cansız budağa çevrilir. Yəni cansız maddə canlanır, sonra ölür və sonra yenə də canlanır. Beləliklə, Allah bu möcüzə ilə insanlara davamlı olaraq yaradılışı göstərir. Ayələrdə belə buyurulur:

Onu atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Allah) buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq”. (Taha surəsi, 20-21)

“Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”. (Taha surəsi, 69)

“Əsanı at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar”. (Nəml surəsi, 10)

Hz.Musa əlindəki cansız əsanı yerə atarkən Allahın lütfü ilə bu əsa sürətlə hərəkət edən, digərlərinin yerə atdıqlarını udan və hətta daxili orqanları olan tam bir canlıya dönmüşdür. Bu dəyişiklik anidən baş vermişdir. Beləliklə, Allah insanlara canlıların yoxdan necə var edildiyinin bir nümunəsini göstərmişdir. Cansız maddə Allahın diləməsi ilə, yəni “ol” əmri ilə canlanmışdır. Allahın hz.Musaya lütf etdiyi bu möcüzə qədim misirlilərin batil təkamül inanclarını bir həmlədə yerlə bir etmişdir. Hz.Musaya müxalif olan insanlar da həmin an həqiqəti görüb batil inancı tərk etmiş və Allaha iman gətirmişdilər.

Quranda xəbər verilir ki, hz.İsa palçıqdan quş formasında bir şey düzəldir, sonra ona üfürür və Allahın izni ilə həmin quş canlanıb uçur:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu…” (Maidə surəsi, 110)

Həmin quş heç bir səbəb olmadan, Allahın diləməsi ilə canlanmışdır. Cansız maddədən canlıya dönən quş Uca Allahın nümunəsiz, səbəbsiz və üstün yaratmasının nümunələrindən biridir. Hz.İsa Allahın lütf etdiyi bu möcüzə ilə təkamül düşüncəsinin məntiqsiz və əsassız olduğunu gözlər önünə sərir. İslam dini ilə təkamülü uzlaşdırmağa çalışanlar Rəbbimizin bu möcüzələrini açıqlaya bilməzlər.

Allah cinləri, mələkləri, huriləri, qılmanları, cənnət vildanlarını, cənnət köşklərini, cənnət bağçalarını, cəhənnəmi və cəhənnəm gözətçilərini təkamül ilə yaratmadığı kimi, insanı da təkamül vasitəsi ilə yaratmamışdır. Allah cənnətin bütün detallarını – hündür köşkləri, bağçaları, quşları, yeməkləri və s. hər hansı təkamül prosesi olmadan və bir anda yoxdan yaratmışdır. Cənnət köşkləri, süd çeşmələri, geyimlər, taxtlar və bəzək əşyaları Allahın “ol” əmri ilə olmuşdur. Bunların gerçəkləşməsi üçün səbəblərə, inşaat ustalarına, dərzilərə və digərlərinə ehtiyac yoxdur. Xurma və əncir kimi cənnət meyvələri, həmçinin inci və sədəf kimi cənnət bəzək əşyaları cənnətdə təkamül yolu ilə var olmadığı kimi, bu dünyada da təkamül vasitəsilə var olmamışdır. Bu dünyada da, cənnətdə də heç bir yaradılış təkamülə əsaslanmır. (Ətraflı məlumat üçün baxın: “Quran təkamülü təkzib edir”, Harun Yəhya (Adnan Oktar))

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər