12 Dekabr 2017 Çərşənbə axşamı

AYİB Azərbaycana enerji üzrə tənzimləyici orqanın yaradılmasında kömək edə bilər


S.Çakrabarti təmsil etdiyi qurumun enerji sahəsində böyük təcrübəyə malik olduğunu, sərmayələrinin 30 faizinin məhz bu sahəyə yönəldildiyini diqqətə çatdırıb

2017-09-08 21:26

AYİB Azərbaycana enerji üzrə tənzimləyici orqanın yaradılmasında kömək edə bilər

Azərbaycan Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Ensonxeber.az  Trend-ə istinadən verilən məlumata görə, nazir müavini Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın ölkəmizin enerji sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv şəkildə tənzimlənməsini əlaqələndirmək üçün mərkəzi orqanın yaradılmasıdır: “Enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsi ilə bağlı Avropa təcrübəsindən yararlanmağa ehtiyac var və bu prosesin sürətləndirilməsində AYİB-in dəstəyi çox vacibdir”.

S.Çakrabarti təmsil etdiyi qurumun enerji sahəsində böyük təcrübəyə malik olduğunu, sərmayələrinin 30 faizinin məhz bu sahəyə yönəldildiyini diqqətə çatdırıb. O əlavə edib ki, bankın gələcəkdə əsas məqsədlərindən biri bu göstəricini 40 faizə yüksəltməkdir.

AYİB prezidenti tənzimləyici orqanın yaradılması məsələsində kömək göstərməkdə maraqlı olduqlarını vurğulayaraq deyib ki, qurum Energetika Nazirliyi ilə əməkdaşlığı məqsədə çevirib: "İki qurum arasında imzalanacaq sənəd işbirliyini daha da gücləndirərək, səmərəli fəaliyyəti təmin edəcək".

Görüşün sonunda Azərbaycan Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə Niyyət Protokolu imzalanıb.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər