19 Oktyabr 2017 Cümə axşamı

Həyat davam edir


Hər birimiz dünyadakı həyatımızın bir gün bitəcəyini, əbədi həyata qovuşacağımızı bilirik.

2017-09-24 13:47

Həyat davam edir

Hər birimiz dünyadakı həyatımızın bir gün bitəcəyini, əbədi həyata qovuşacağımızı bilirik. Və hər kəsə dünyada ikən Cənnət və ya Cəhənnəmi qazanmaq imkanı verilmişdir. Vicdanın səsini dinləyən hər kəs dünyadakı yaradılış məqsədinə uyğun yaşamağa çalışır. İnkar edənlər isə onlara edilən xəbərdarlıqları qulaqardına vurub, Rəbbimizin əmrlərini görməzlikdən gəlirlər. İbadət etməyi, yaxşılıqları, xeyir işləri sonraya saxlayır, təxirə salırlar. Halbuki insan ömrünün nə zaman sona çatacağı bilinmir. Heç kim sabah onu nə gözlədiyini bilmir. Uzaq gördükləri ölüm onları haqlayanda keçirdikləri peşmanlıq hissi faydasız olacaqdır. İnsanların ölümü unutmalarına səbəb dünyada hər gün ölən insanlarla yanaşı, yeni doğulanların da olmasıdır. Dünyaya hər gün yeni insanlar gəlməsə, insanların sayı get-gedə azalsa, bu, inkarçılar üçün mühüm xəbərdarlıq olardı. Ancaq Allah imtahan etmək üçün dünyadakı nizamı fərqli qurmuş, dünyaya rəğmən ölümü və axirəti düşünməyimizi istəmişdir.

Dünyadakı hər şey yox olmağa məhkumdur. Bağçadan dərdiyiniz çiçək bir neçə gün sonra solub məhv olur, gözəlliyinə heyran olduğunuz bir insan ən az 60 il sonra tanınmaz hala düşür. Dünyada insanın ətrafında gördüyü hər şey qısa zamanda məhv olmağa başlayır. Bu, çox insana təbii gəlir. Halbuki burada çox dərin məna gizlidir. Ətrafımızdakı hər şey davamlı xarab olaraq, köhnələrək və çürüyərək, bizə, əslində, mühüm həqiqəti göstərirlər. Bu, dünyanın keçici və aldadıcı bir xəyal olduğu həqiqətidir. Dünyadakı bütün heyvanlar, bitkilər, insanlar, yəni yer üzündəki bütün canlılar ölümlüdür.

Bu həqiqətləri bilən və gerçəkləri düşünən insan dünya həyatının sonsuz həyatla müqayisədə nə qədər dəyərsiz olduğunu anlayar. Axirətdə isə sonsuza qədər davam edəcək həyatını bənzərsiz nemətlərlə dolu Cənnətdə keçirmək üçün çalışar. Bunun tək yolu isə səmimi olaraq Allaha yönəlməkdir. 

Ölüm insanlara yaşadıqları müddətdə daim özünü xatırladır. Bəzən bu xatırlatmalar onlara fayda verir. Onlar bəzi mövzuları yenidən nəzərdən keçirməli, həyata və hadisələrə baxış tərzlərini dəyişməli olduqlarını ciddi şəkildə düşünməyə başlayırlar. 

İnsan nə qədər müqavimət göstərsə də, haraya sığınsa və ya qaçsa da, özü də hiss etmədən ölümünə doğru qaçır. Qarşısında başqa bir qapı, seçim və ya çıxış yolu yoxdur. Geri sayım sürətlə davam edir. Hansı tərəfə dönsə, ölüm onu orada qarşılayacaq. Allahın qanununda heç bir dəyişiklik olmaz. Qədərdə müəyyənləşdirilmiş vaxtda və yerdə ölümlə qarşılaşar. Quranda Allah bu gerçəyi belə xəbər verir:

De: 'Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir'. (Cümə surəsi, 8) 

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (Nisa surəsi, 78)

Sonda qeyd etmək istərdim ki, ölümü düşünmək ən gözəl tərbiyə vasitəsidir. İnsanı təvazökar, anlayışlı, nəzakətli və sevgi dolu edər. Ölümü düşünməmək isə insana mənfi təsir edər, onun əxlaqını və şəxsiyyətini, mühakimə və analiz qabiliyyətini pozar.

Aysel Vəlizadə


 

Xəbər lenti

Bütün xəbərlər