19 Oktyabr 2017 Cümə axşamı

Dünyada aclıq və evsizlik


İstər evsizlik, istər aclıq problemi dünyadakı imkanların məhdudluğu ucbatından deyil, insanların sevgisizliyi, şəfqətsizliyi, mərhəmət hissinin azlığından yaranır.

2017-10-09 00:56

Dünyada aclıq və evsizlik

Sərin, yağışlı və qarlı havaları çoxumuz sevirik, üstəlik də yay çox qızmar və yandırıcı keçibsə. Yağışın və qarın bizə, bitkilərə, havanın təmizlənməsinə çox faydaları olduğu kimi, soyuq havaların başlaması ilə bir çox problemlər də özünü göstərməyə başlayır. Mənim kimi bir çoxumuzu evi olmayan, küçədə yaşamağa məcbur olan insanların vəziyyəti natahat edir. Biz isti evlərimizdə oturub, isti çayımızı içib, yeməyimizi yeyərkən insanların çoxu aclıqdan, soyuqdan əziyyət çəkir. Dünyanın əhalisi 8 milyarda yaxındır. İl ərzində istehsal olunan qida  4,5 milyard tondur, bu isə o deməkdir ki, bu qida ilə hər il 10 milyard insan qidalana bilər. Son otuz ildə adambaşına istehsal olunan ərzaq miqdarı isə 20% artıb. Bəs nəyə görə dünya əhalisinin 12%-i aclıq həddindən də aşağı yaşayır? BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən dünyada 800 milyon insan ac yaşadığı halda 1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir.  Aclığın və yoxsulluğun ilk səbəbi sərvətlərin ədalətli bölüşdürülməməsidir. OXFAM təşkilatının 2014-cü ildə nəşr olunan hesabatında dünyanın bütün sərvəti 250 trilyon dollar olaraq verilib. Bu məbləğin yarısına, yəni 125 trilyonuna dünya əhalisinin yalnız 1%-i sahibdir. Yerdə qalan 125 trilyon isə əhalinin 99%-i arasında bölüşdürülüb. FORBES jurnalının siyahısındakı 1200 milyarderin ümumi sərvəti 4,5 trilyon ABŞ dollardır. Siyahının əvvəlində yer alan 62 nəfərin sahib olduğu sərvət isə dünyadakı 3,5 milyard insanın qazancına bərabərdir. Aclığın ikinci səbəbi isə israfdır. Hər il ümumi ərzaq istehsalının üçdə biri zibilliyə atılır. Bu israfın 70%-i inkişaf etmiş ölkələrin payına düşür. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə 100 milyon ton yemək istehlak edilmir, Afrikada bu rəqəm 9 kq-dır. ABŞ təkbaşına hər gün 141 trilyon kalori dəyərindəki ərzağı zibiliyə atır. Bu qidanın illik dəyəri 155 milyard dollara bərabərdir, yəni Afrika qitəsinin illik idxalının 4 misli qədər yemək təkcə Amerika xalqı tərəfindən israf edilir. Aclıqla yanaşı evsizlik də günümüzün ən böyük probləmlərindən biridir. Gündəmdə evsizlikdən əziyyət çəkən insanlarla bağlı xəbərlərə çox yer verilmir. Halbuki dünyada 100 milyondan çox insan evsiz, 1,6 milyard insan isə ağır şərtlərlə sığınacaqlarda yaşayır. Dünyanın ən çox evsizlər olan ölkərinin siyahısında həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr var. ABŞ (Los- Anceles, Nyu-York), Rusiya, Hindistan, Macarıstan, Meksikada 10 minlərlə insan evsizlik problemi yaşayır. Nyu-Yorkda 60 min insan evsizdir və bunların 22 mini uşaqlardır. Digər tərəfdə isə 18 milyon boş ev banklarda istifadə edilmədən saxlanır.  Cəmiyyətdə evsizlərə mərhəmətli olanlarla yanaşı, onları təhqir edən, incidənlər də çoxdur. Narkotik maddələrə aludəçilik, anti-gigiyena şəraitindən və soyuqdan yaranan xəstəliklər də evsizlərin qarşılaşdığı digər çətinliklərdir. Heç kim evsiz olmaq, ətrafdakıların özünə sevgisiz, qəddar münasibətini görmək istəməz. Buna görə də evsizlərə daha şəfqətli davranılmalı, onlara cəmiyyətə faydalı insanlar kimi yanaşılmalıdır. İstər evsizlik, istər aclıq problemi dünyadakı imkanların məhdudluğu ucbatından deyil, insanların sevgisizliyi, şəfqətsizliyi, mərhəmət hissinin azlığından yaranır. Biz ətrafımıza qarşı daha qaygıkeş olmağı seçməliyik, yardıma möhtac insanlardan öz köməyimizi əsirgəməməliyik. İnsanların vicdanına səslənməli, paylaşmanın, yardımlaşmanın, bölüşmənin gözəlliyini anlatmalıyıq. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. (Bəqərə surəsi, 261)

Aysel Vəlizadə


 

Xəbər lenti

Bütün xəbərlər