20 Noyabr 2017 Bazar ertəsi

İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib


Prezident İlham Əliyev Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

2017-10-19 01:04

İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd etdi və bildirdi ki, Azərbaycan bu istiqamətdə fəal iş aparır.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğuladı.

Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırdı. Vitold Vaşçikovski Prezident İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd etdi. Polşanın xarici işlər naziri bildirdi ki, ölkəsi Azərbaycan ilə əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa toxunan Vitold Vaşçikovski Avropa İttifaqının xarici siyasətində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı, Ermənistan tərəfinin danışıqlar prosesini uzatmağa meyilli olduğu qeyd edildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin və nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu vurğulandı.

Dövlətimizin başçısı Polşa Prezidenti Andjey Dudanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Polşa Prezidentinə çatdırmağı xahiş etdi.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər