18 Yanvar 2018 Cümə axşamı

Kainatın yaradılışındakı möcüzələr


Kainatın yaradılışındakı möcüzələr

2017-12-12 09:34

Kainatın yaradılışındakı möcüzələr

Partlayışdan qeyri-adi nizama

Yaşadığımız kainatın təqribən 15 milyard il əvvəl bir nöqtədə meydana gələn böyük partlayış ilə əmələ gəldiyi və genişlənərək indiki formasını aldığı bu gün bütün elm dünyası tərəfindən təsdiqlənən faktdır. Kosmik fəza, qalaktikalar, planetlər, Günəş, Yer, qısası, kainatı təşkil edən bütün göy cisimləri “Biq Bənq” adlanan böyük partlayışla meydana gəlmişdir.

Burada çox böyük sirr var: Biq Bənq partlayış olduğuna görə, bu partlayışdan sonra maddə atom və subatom zərrəciklər şəklində kosmik fəzada kortəbii şəkildə yayılmalı idi. Lakin belə olmamışdır, əksinə, çox sistemli, nizamlı kainat meydana gəlmişdir. Kortəbii şəkildə yayılan maddənin kainatın müəyyən hissələrində toplanıb qalaktikaları, ulduzları və ulduz sistemlərini əmələ gətirməsi elm adamlarının təbiri ilə desək, buğda anbarına atılan əl bombasının buğdaları nizamla bağlamalar şəklində toplayıb üst-üstə yığması qədər, hətta bundan daha da qeyri-adi vəziyyətdir.

Biq Bənq nəzəriyyəsinə uzun illər qarşı çıxmış prof. Fred Hoyl təəccübünü belə ifadə edir:

“Biq Bənq nəzəriyyəsi kainatın bir böyük partlayışla əmələ gəldiyini qəbul edir. Ancaq bildiyimiz kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, Biq Bənq sirli şəkildə bunun tam əksinə təsir meydana gətirib: maddəni bir-biri ilə birləşdirmiş və qalaktikaları əmələ gətirmişdir”. (Fred Hoyle, The Intelligent Universe, London, 1984, s. 184-185.)

Əlbəttə, kainatın bütün maddəsini ehtiva edən bu cür böyük partlayışdan sonra belə dəqiq müvazinətlər üzərində qurulmuş sistemin və nizamın əmələ gəlməsi ancaq “möcüzə” sözü ilə tərif oluna bilər. Astrofizik Alan Sendic (Allan Sandage) də bu həqiqəti belə ifadə edir:

“Belə bir nizamın xaosdan törədiyini qeyri-mümkün hesab edirəm. Allahın varlığı… varlıq möcüzəsinin yeganə açıqlamasıdır”. (Willford, J.N. March 12, 1991. Sizing up the Cosmos: An Atronomers Quest. New York Times, s. B9.)

Elm adamlarının da ifadə etdiyi kimi, bir partlayışla atomların ən uyğun şəkildə birləşməsi, dəqiq nizamla kainatı, kainatındakı milyardlarla ulduzları, milyardlarla qalaktikanı, trilyonlarla göy cisimləri arasındakı müvazinəti əmələ gətirməsi böyük möcüzədir. Bu möcüzəni həyata keçirən və bizə göstərən Allah`dır.

Kainatın genişlənmə sürətinin möcüzəvi ölçüsü

Kainatın genişlənmə sürəti kainatın indiki quruluşunun əmələ gəlməsi baxımından kritik ölçüdədir. Əgər genişlənmə sürəti bir az yavaş olsaydı, bütün kainat hələ günəş sistemləri əmələ gəlmədən yenidən içinə çökərdi. Əgər kainat bir az sürətlə genişlənsəydi, maddə qalaktikaları və ulduzları əsla əmələ gətirməyəcək şəkildə fəzada dağılıb gedərdi. Hər iki halda canlıların və bizim mövcud olmağımız mümkün olmazdı.

Ancaq bu iki ehtimal da olmayıb, kainatın genişlənmə sürətinin çox həssas ölçüsü sayəsində indiki kainat meydana gəlmişdir. Bəs bu müvazinət nə qədər həssasdır?

Avstraliyadakı Adelaida Universitetindən məşhur riyazi fizika professoru Pol Devis (Paul Davies) bu suala cavab vermək üçün uzun hesablamalar aparmış və heyrətamiz nəticə əldə etmişdir. Devisin fikrincə, Biq Bənqdən sonra baş verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir qədər (1/1018) fərqli olsaydı, kainat meydana gəlməzdi. Milyard dəfə milyardda bir ədədi riyazi şəkildə belə yazılır: 0. 000000000000000001. Yəni bu qədər kiçik astronomik fərq belə kainatın əmələ gəlməməsi deməkdir. Devis bu nəticəni belə şərh edir:

“Hesablamalar kainatın genişlənmə sürətinin çox kritik nöqtədə olduğunu göstərir. Əgər kainat bir az yavaş genişlənsə, cazibə qüvvəsinə görə içinə çökər, bir az sürətlə genişlənsə, kosmik material tamamilə dağılıb gedərdi. Bu iki fəlakət arasındakı müvazinətin nə qədər “yaxşı hesablanması” sualının cavabı çox maraqlıdır. Əgər partlayış sürətinin müəyyən vəziyyətə gəldiyi vaxt bu sürət sadəcə 1/1018 qədər fərqli olsaydı, müvazinəti məhv etməyə bəs edərdi. Yəni kainatın partlayış sürəti ağlasığmaz dərəcədə həssas dəqiqliklə müəyyən edilmişdir. Bu səbəbdən, Biq Bənq hər hansı bir partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və tənzimlənmiş prosesdir”. (Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, s. 184.)

Yaşadığımız kainat təqribən 15 milyard il əvvəl bir nöqtədə meydana gələn böyük partlayış nəticəsində əmələ gəlib və genişlənərək indiki formasını alıb. Lakin bütün kainatın maddəsini ehtiva edən bu böyük partlayış nəticəsində indiki nizamlı kainat meydana gəlib.

Kainatın başlanğıcındakı bu möhtəşəm nizam məşhur “Science” jurnalındakı bir məqalədə belə ifadə edilir:

“Əgər kainatın sıxlığı bir az artıq olsaydı, onda Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən, atomlar bir-birini cəzb etmə qüvvəsinin təsiri ilə kainat genişlənməyəcək və yenidən kiçilərək bir nöqtəyə çevriləcəkdi. Əgər sıxlıq başlanğıcda bir qədər az olsaydı, onda kainat son sürətlə genişlənər, lakin bu təqdirdə də atomlar bir-birini cəzb edə bilməz və ulduzlarla qalaktikalar əsla əmələ gəlməzdi. Təbii ki, biz də mövcud olmazdıq! Hesablamalara görə kainatımızın başlanğıcındakı sıxlığı ilə kritik sıxlığı arasındakı fərq 0.01-in 1 kvadrilyonundan da azdır. Bu, bir qələmi iti ucu üzərində 1 milyard il sonra da dayanacaq şəkildə yerləşdirməyə bənzəyir… Üstəlik, kainat genişləndikcə bu müvazinət daha da həssaslaşır”. (Bilim ve Teknik, buraxılış 201, s. 16 (Science jurnalından tərcümə))

Stiven Hokinq də kainatın mənşəyini təsadüflərlə açıqlamağa çalışsa da, “Zamanın qısa tarixi” kitabında kainatın genişlənmə sürətindəki möhtəşəm müvazinəti belə qəbul edir:

“Kainatın genişlənmə sürəti o qədər kritikdir ki, Biq Bənqdən sonrakı birinci saniyədə bu ölçü əgər yüz min milyon dəfə milyonda bir qədər az olsaydı, kainat indiki vəziyyətinə düşmədən içinə çökərdi”. (Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London: 1988, s. 121-125.)

Biq Bənq ilə əlaqədar “şişən kainat modeli”nin (inflationary universe model) nəzəriyyəçisi olan Alan Qut isə keçən illərdə kainatın genişlənməsindəki incə əyarla bağlı ağlasığmaz nəticə hesablayır və kainatın genişlənmə sürətinin 1055-də 1 həssaslıqla tənzimləndiyini bildirir. (Guth A. H. “Inflationary Universe: a possible solution to the horizon and flatness problems”, in Physical Review D, 23. (1981), s. 348.)

Bəs bu qədər qeyri-adi müvazinət nəyi göstərir? Əlbəttə, belə bir həssas tənzimləmə təsadüflə açıqlana bilməz. Pol Devis, əslində, materialist fizik olmasına baxmayaraq, bu həqiqəti belə qəbul edir:

“Çox kiçik rəqəm dəyişikliklərinə həssas olan kainatın indiki quruluşunun çox diqqətli şüur tərəfindən meydana gətirildiyinə qarşı çıxmaq çətindir… Təbiətin ən əsas müvazinətlərindəki həssas rəqəm tarazlıqları kosmik dizaynın varlığını qəbul etmək üçün olduqca güclü dəlildir”. (Paul Davies. God and the New Physics. New York: Simon & Schuster, 1983, s. 189)

Göründüyü kimi, elmin ortaya qoyduğu qəti nəticələr Pol Devisi, materialist olmasına baxmayaraq, kainatın yaradıldığını qəbul etməyə vadar etmişdir.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər