IBM və SOCAR şirkətləri birgə müəssisə yaradıblar - Ən Son Xəbər

IBM və SOCAR şirkətləri birgə müəssisə yaradıblar


SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan edirlər.

15 Yanvar 2018 16:12

IBM və SOCAR şirkətləri birgə müəssisə yaradıblar

SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan edirlər.


Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcək.

SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib: “Rəqəmsal biznes transformasiya prosesləri bu gün istehsalat effektivliyinin ayrılmaz şərtlərindən biridir. Yaradılan birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir. Nəticədə, Azərbaycanda yüksək səriştəli və yüksək ödənişli bir çox yeni iş yerləri açıla bilər. Bununla biz insan kapitalının inkişafına daha bir töhfə verir, eyni zamanda bu töhfəmizi yeni müstəviyə - neft-qaz sənayesinin fövqünə qaldırırıq.”

Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcək. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaq.

Əməkdaşlıq IBM-ə təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda və onun hüdudlarından kənarda fəaliyyətini genişləndirməyə yardım edəcək.

IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi deyib: “SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”.

Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

IBM 170-dən çox ölkədə fəaliyyət göstərən qlobal miqyaslı müəssisədir. Bu gün IBM diqqətini koqnitiv həllər (rəqəmsal idrak həlləri), bulud hesablama, təhlükəsizlik kimi mühüm inkişaf sahələri üzərində cəmləyərək, müxtəlif müştəri kontingentinə ən çətin biznes problemlərinin həlli üçün innovativ yollar təklif edir. Dünyanın ən böyük İT və konsaltinq xidmətləri şirkəti olmaqla yanaşı, IBM həm də qlobal biznes və texnologiya lideri kimi cəmiyyətin gələcəyini hərtərəfli formalaşdırmaq məqsədi ilə tədqiqat və inkişaf sahələrinə yeniliklər gətirir. IBM özünün yüksək dəyərli tədqiqat imkanları, texniki inkişaf və istedadlı kadrlar sayəsində çağdaş dünyanın real problemləri üçün çalışan hökümətlər, şirkətlər, mütəfəkkir və fəallarla tərəfdaşlıq edir.


 

Xəbər lenti

Bütün xəbərlər