19 Fevral 2018 Bazar ertəsi

ZAMANSIZLIQ VƏ QƏDƏR HƏQİQƏTİ


ZAMANSIZLIQ VƏ QƏDƏR HƏQİQƏTİ

2018-01-25 16:55

ZAMANSIZLIQ VƏ QƏDƏR HƏQİQƏTİ

Buraya qədər izah etdiklərimizlə birlikdə əslində “üçölçülü məkanın” əsli ilə təmasda olmadığımız, bütün həyatımızı zehnimizdəki məkanın içində davam etdirdiyimiz həqiqəti qətiləşir. Bunun əksini iddia etmək ağıl və elmdən uzaq batil inanc olar. Çünki xarici aləmdəki dünyanın əsli ilə təmasda olmağımız mümkün deyil.

Bu vəziyyət təkamül nəzəriyyəsinin də əsasını təşkil edən materialist fəlsəfənin birinci fərziyyəsinin yanlış olduğunu isbat edir. Bu fərziyyə maddənin mütləq və sonsuz olmasıdır. Materialist fəlsəfənin ikinci fərziyyəsi isə zamanın mütləq və sonsuz olması fərziyyəsidir ki, bu da digəri kimi batil inancdır.

Zaman hissi

Zaman dediyimiz hiss əslində bir anı başqa bir anla müqayisə etmə üsuludur. Bunu bir nümunə ilə açıqlaya bilərik. Bir cisimə vurduqda ondan müəyyən səs çıxır. Eyni cisimə beş dəqiqə sonra vurduqda da eyni səs çıxır. İnsan birinci səslə ikinci səs arasında bir müddət olduğunu düşünür və bu müddətə “zaman” deyir. Halbuki ikinci səsi eşitdiyi anda birinci səs sadəcə zehnindəki xəyaldan ibarətdir. Sadəcə hafizəsində olan bir məlumatdır. İnsan hafizəsində olanı yaşadığı anla müqayisə edərək zaman hissini əldə edir. Əgər bu müqayisə olmasa, zaman hissi də olmaz.

Eyni şəkildə insan hər hansı bir otağa daxil olub daha sonra otağın ortasındakı divana oturan bir şəxsi gördükdə müqayisə edir. Gördüyü insan divana oturduğu anda onun qapını açması, otağın ortasına doğru yeriməsi ilə əlaqədar görüntülərin hər biri sadəcə beynindəki bir məlumatdır. Zaman hissi divana oturan insanla bu məlumatlar arasında müqayisə aparılaraq ortaya çıxır.

Qısaca desək, zaman beyində qorunan bəzi məlumatlar arasında müqayisə aparılması ilə mövcud olur. Əgər bir insanın hafizəsi olmasa, beyni bu cür şərhlər etməz və ona görə də zaman hissi də əmələ gəlməz. Bir insanın “mənim otuz yaşım var” deməsinin səbəbi beynində həmin otuz ilə aid bəzi məlumatların qorunmasıdır. Əgər hafizəsi olmasa, keçmişdə belə bir dövr yaşadığını düşünməyəcək, sadəcə yaşadığı “an” ilə təmasda olacaqdır.

Zamansızlığın elmi izahı

Bu mövzuya dair fikrini bildirən mütəfəkkir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı açıqlamağa çalışaq. Nobel mükafatına layiq görülmüş məşhur genetika professoru və mütəfəkkir Fransua Jakob “Mümkünlərin oyunu” adlı kitabında zamanın geriyə axışı ilə bağlı bunları yazır:

Sonundan əvvəlinə doğru göstərilən filmlər zamanın tərsinə axacağı bir dünyanın nəyə bənzəyəcəyini təsəvvür etməyimizə imkan verir. Südün fincandakı kofedən ayrıldığı və süd qabına çatmaq üçün havaya uçacağı bir dünya, işıq şüalarının bir mənbədən fışqırmaq əvəzinə, bir tələnin (cazibə mərkəzinin) içində yığılmaq üzrə divarlardan çıxacağı bir dünya, suyun içindən bayıra doğru atılan daşın insanın ovcuna düşməsi üçün saysız-hesabsız damcıların heyrətamiz həmrəyliklə maili xətt boyunca atılacağı dünya. Amma zamanın tərsinə çevrildiyi belə bir dünyada beynimizdəki proseslərin və hafizəmizdəki məlumatın əmələ gəlməsi də eyni şəkildə tərsinə çevrilər. Keçmiş və gələcək üçün də eyni şey qüvvədə olar və dünya bizə tamamilə görüntü kimi görünər.411

Beynimiz müəyyən ardıcıllıq üsuluna öyrəşdiyi üçün hal-hazırda dünyadakı hadisələr yuxarıda izah edildiyi kimi baş vermir və zamanın daim irəliyə doğru axdığını düşünürük. Halbuki bu, beynimizin içində verilən qərardır və ona görə də tamamilə nisbidir. Əslində zamanın necə axdığını və ya axıb-axmadığını əsla bilmirik. Bu da zamanın mütləq həqiqət olmadığını, sadəcə qavrayış şəkli olduğunu göstərir.

Zamanın hiss olması XX əsrin ən böyük fiziki hesab edilən Eynşteynin irəli sürdüyü Ümumi nisbilik nəzəriyyəsi ilə də sübut edilmişdir. Linkoln Barnett “Kainat və Eynşteyn” adlı kitabında bu mövzuda belə yazır:

Sonsuz kainatla birlikdə Eynşteyn sonsuz keçmişdən sonsuz gələcəyə axan dəyişməyən zaman anlayışını da bir kənara qoydu. Nisbilik nəzəriyyəsini əhatə edən anlaşılmazlığın böyük hissəsi insanların zaman hissinin də rəng hissi kimi qavrama forması olduğunu qəbul etmək istəməməsindən irəli gəlir… Necə ki, kainat maddi varlıqların mümkün olan ardıcıllığıdırsa, zaman da hadisələrin mümkün olan ardıcıllığıdır. Zamanın subyektivliyini Eynşteynin sözləri daha yaxşı açıqlayır: “Fərdin həyatı bizə hadisələr ardıcıllığı şəklində sıralanmış kimi görünür. Bu ardıcıllıqdan xatırladığımız hadisələr “daha əvvəl” və “daha sonra” ölçüsünə görə sıralanmışdır. Bu səbəbdən, fərd üçün “mən” zamanı, ya da subyektiv zaman var. Bu zaman öz-özlüyündə ölçülə bilməz. Hadisələrlə saylar arasında elə bir əlaqə qura bilərəm ki, böyük say əvvəlki hadisə ilə deyil, sonrakı  hadisə ilə əlaqədar olar”.412

Eynşteyn Barnettin ifadələri ilə “kainat və zamanın da duyğu formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrılmaz olduğunu göstərmişdir”. Ümumi nisbilik nəzəriyyəsinə əsasən, “zaman da onu ölçdüyümüz hadisələr zəncirindən ayrı, müstəqil deyil.”413

Zaman bir hissdən ibarət olduğuna görə, tamamilə qavrayana bağlıdır, yəni nisbi anlayışdır.

Zamanın axışı onu ölçərkən əsaslandığımız istinadlara görə dəyişir. Çünki insanın bədənində zamanın axış sürətini mütləq düzgünlüklə göstərən təbii saat yoxdur. Linkoln Barnettin bildirdiyi kimi, “rəngi ayırd edən göz yoxdursa, rəng deyə bir şeyin olmadığı kimi, zamanı göstərən hadisə olmadıqca bir an, bir saat və ya bir gün heç nə deyil”.414

Zamanın nisbiliyi yuxuda çox açıq şəkildə baş verir. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir.

Mövzunu bir az da açıqlamaq üçün bir misal üzərində düşünək. Xüsusi şəkildə dizayn edilmiş pəncərəli otaqda müəyyən müddət qaldığımızı düşünək. Otaqda zamanı görə biləcəyimiz saat da olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən intervallarla doğulub-batdığını görək. Bir neçə gün keçdikdən sonra o otaqda nə qədər qaldığımızı soruşduqda verəcəyimiz cavab həm saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğulub-batdığı ilə əlaqədar apardığımız hesablamadır. Məsələn, otaqda üç gün qaldığımızı hesablayırıq. Amma əgər bizi bu otağa qoyan insan yanımıza gəlib: “Əslində, sən bu otaqda iki gün qaldın”, -desə və pəncərədə gördüyümüz günəşin əslində süni şəkildə əmələ gətirildiyini, otaqdakı saatın da qəsdən sürətlə işlədildiyini deyərsə, bu təqdirdə apardığımız hesablamanın heç bir mənası qalmaz.

Bu nümunə də göstərir ki, zamanın axış sürəti ilə əlaqədar məlumatımız sadəcə qavrayana əsasən dəyişən istinadlara əsaslanır.

Zamanın nisbiliyi elmi metodla da sübut edilmiş konkret həqiqətdir. Eynşteynin Ümumi nisbilik nəzəriyyəsi sübut etmişdir ki, zamanın sürəti bir cisimin sürətinə və cazibə mərkəzi ilə onun arasındakı məsafəyə görə dəyişir. Sürət artdıqca zaman qısalır, daha ağır daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə əsasən, eyni yaşdakı əkizlərdən biri Yerdə qalır, digəri işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır. Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşının özündən daha yaşlı olduğunu görəcəkdir. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni misal ata və oğula da aid edilə bilər. Əgər atanın yaşı 27, oğlunun yaşı 3 olsa, 30 dünya ilindən sonra ata Yerə qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq.415

Zamanın nisbiliyi saatların geriləməsi və ya sürətlənməsindən deyil, bütün maddi sistemin subatom səviyyədəki zərrəciklərə qədər müxtəlif sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə bir mühitdə insanın orqanizmindəki ürək döyüntüləri, hüceyrə bölünməsi, beyin fəaliyyətləri kimi proseslər daha ağır işləyir. İnsan zamanın yavaşlamasını hiss etmədən gündəlik həyatına davam edir.

Quranda nisbilik

Müasir elmin bu kəşflərinin bizə göstərdiyi nəticə budur: zaman materialistlərin hesab etdiyi kimi mütləq deyil, nisbi hissdir. Maraqlısı budur ki, XX əsrə qədər elmin bilmədiyi bu həqiqət bundan 14 əsr əvvəl nazil edilmiş Quranda bildirilmişdir. Quran ayələrində zamanın nisbi anlayış olduğunu göstərən açıqlamalar var. Müasir fizika tərəfindən təsdiqlənən zamanın psixoloji hiss olmasını, yaşanılan hadisəyə, məkana və şərtlərə görə fərqli şəkildə qavranıldığını bir çox Quran ayəsində görmək mümkündür. Məsələn, bir insanın bütün həyatı Quranda bildirildiyinə görə çox qısa müddətdir:

O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız! (İsra surəsi, 52)

(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunus surəsi, 45)

Bəzi ayələrdə insanların zaman qavrayışlarının fərqli olduğuna, insanın əslində çox qısa olan bir müddəti çox uzun kimi qavraya bildiyinə işarə edilir. İnsanların axirətdəki sorğu-sualları əsnasındakı aşağıdakı söhbətlər buna misaldır:

Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” – deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! (Muminun surəsi, 112-114)

Bəzi başqa ayələrdə də zamanın fərqli mühitlərdə fərqli axış sürəti ilə keçdiyi bildirilir:

… Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir! (Həcc surəsi, 47)

Mələklər və ruh Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə surəsi, 5)

Bu ayələrin hər biri zamanın nisbiliyinin çox açıq ifadəsidir. Elm tərəfindən XX əsrdə əldə edilən bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilməsi isə, əlbəttə, Quranı zamanı və məkanı tamamilə əhatə edən Allahın endirdiyinin dəlilidir.

Quranın bir çox ayəsində istifadə edilən üslub açıq şəkildə zamanın hiss olduğunu üzə çıxarır. Xüsusilə də qissələrdə bunu görmək mümkündür. Məsələn, Allah Quranda bəhs edilən mömin Kəhf əhlini 300 ildən çox müddət ərzində dərin yuxuda saxlamışdır. Daha sonra oyandırdıqda isə bu şəxslər zaman baxımından çox az müddət yatdıqlarını düşünmüş, nə qədər yatdıqlarını təxmin edə bilməmişdilər:

Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)

Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: Nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” – deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. (Kəhf surəsi, 18)

Aşağıdakı ayədə izah edilən vəziyyət də zamanın əslində psixoloji hiss olduğunun mühüm dəlilidir:

Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi. (Bəqərə surəsi, 259)

Göründüyü kimi, bu ayə zamanı yaradan Allahın zamana tabe olmadığını açıq surətdə vurğulayır. İnsan isə Allahın onun üçün təqdir etdiyi zamana bağlıdır. Ayədən göründüyü kimi, insan nə qədər yuxuda qaldığını belə bilməkdən acizdir. Bu təqdirdə (materialistlərin batil məntiqində olduğu kimi) zamanın mütləq olduğunu iddia etmək çox ağılsız olar.

Qədər

Zamanın nisbi olması bizə çox mühüm həqiqəti göstərir. Bu nisbilik o qədər dəyişkəndir ki, bizim üçün milyard illərlə davam edən zaman başqa aləmdə sadəcə bir saniyə belə davam edə bilər. Hətta kainatın əvvəlindən sonuna qədər keçən zaman başqa bir aləmdə bir saniyə belə deyil, ancaq bir “an” davam edə bilər.

Bir çox insanın tam olaraq başa düşmədiyi, materialistlərin isə anlamayaraq tamamilə inkar etdikləri “qədər” həqiqətinin əsası buradadır. Qədər Allahın keçmiş və gələcək bütün hadisələri bilməsidir. İnsanların böyük əksəriyyəti isə Allahın hələ baş verməmiş hadisələri əvvəlcədən necə bildiyini soruşurlar və qədərin həqiqiliyini anlamırlar. Halbuki “baş verməmiş hadisələr” bizim üçün baş verməmiş hadisələrdir. Allah isə zaman və məkandan asılı deyil, bunları yaradan Onun Özüdür. Bu səbəbdən, Allah üçün keçmiş, gələcək və indi eynidir və hamısı olub-bitmişdir.

Linkoln Barnett Ümumi nisbilik nəzəriyyəsinin bu həqiqətə necə işarə etdiyindən “Kainat və Eynşteyn” adlı kitabında bəhs edir. Barnettin fikrincə, varlıqları bütünlükdə ancaq “bütün ucalığı ilə kosmik zehin” qavraya bilər.416 Barnettin “kosmik zehin” kimi qeyd etdiyi iradə bütün kainata hakim olan Allahın elmi və ağlıdır. Bizim bir xətkeşin əvvəlini, ortasını, sonunu və aralarındakı bütün vahidləri bütünlükdə bir anda asanlıqla görə bildiyimiz kimi, Allah da bizim asılı olduğumuz zamanı əvvəlindən sonuna qədər bir an kimi bilir. İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayıb Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar.

Cəmiyyətdə geniş yayılmış yanlış qədər anlayışına diqqət etməliyik. Bu batil anlayışda Allahın insanlara “alın yazısı” müəyyən etdiyi, amma onların bəzən bunu dəyişdirdikləri kimi batil inanc var. Məsələn, ölümdən dönən xəstə haqqında “taleyinə qalib gəldi” kimi cahil ifadələr işlədilir. Halbuki heç kim qədərini dəyişdirə bilməz. Ölümdən dönən şəxs qədərində ölümdən dönməsi yazıldığı üçün ölməmişdir. “Taleyimə qalib gəldim”, -deyərək özlərini aldadanların bu cümləni demələri və o psixoloji hala düşmələri də yenə qədərlərindədir.

Çünki qədər Allahın elmidir və bütün zamanı eyni anda bilən və bütün zamana və məkana hakim olan Allah üçün hər şey qədərdə yazılmış və bitmişdir.

Allah üçün zamanın tək olduğunu Quranda istifadə edilən üslubdan da anlaya bilərik, bizim üçün gələcək zamanda olacaq bəzi hadisələrdən Quranda çoxdan olub-bitmiş hadisələr kimi bəhs edilir. Məsələn, axirətdə insanların Allaha verəcəkləri hesabın bildirildiyi ayələr bundan çoxdan olub-bitmiş hadisə kimi bəhs edir:

Sur çalındı, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öldü. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir oldular! Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm olundu… (Zumər surəsi, 68-69)

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər… (Zumər surəsi, 71)

Bu mövzuya aid digər nümunələr isə belədir:

Hər bir kəs bir sürücü və bir də şahidlə gələcəkdir. (Qaf surəsi, 21)

Və (göy) süst düşüb parçalanmışdır! (Haqqa surəsi, 16)

Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandırmışdır. Onlar orada taxtlara söykənmiş, orada nə günəş, nə də sərt soyuq görürlər. (İnsan surəsi, 12-13)

Cəhənnəm də hər görənə görünəcəkdir. (Naziat surəsi, 36)

Bu gün isə möminlər kafirlərə gülürlər. (Mütaffifin surəsi, 34)

Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin etmiş və oradan baş götürüb qaçmağa bir yer tapa bilməmişlər. (Kəhf surəsi, 53)

Göründüyü kimi, bizim üçün ölümümüzdən sonra baş verəcək bu hadisələrdən Quranda baş vermiş və bitmiş hadisələr kimi bəhs edilir. Çünki Allah bizim asılı olduğumuz nisbi zaman ölçüsünə bağlı deyil. Allah bütün hadisələri zamansızlıqda istəmiş, insanlar bunu etmiş və bütün bu hadisələr baş vermiş və nəticələnmişdir. Böyük-kiçik hər hadisənin Allahın bilgisinin daxilində baş verdiyi və bir kitabda qeyd olunduğu həqiqəti isə aşağıdakı ayədə xəbər verilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!(Yunus surəsi, 61)

Materialistlərin narahatlığı

Maddənin həqiqəti, zamansızlıq və məkansızlıq mövzularından bəhs etdiyimiz bu bölmədə izah edilənlər əslində olduqca açıq həqiqətlərdir. Daha əvvəl də bildirildiyi kimi, bunlar qətiyyən fəlsəfi fikir və ya düşüncə tərzi deyil, inkar edilməsi mümkün olmayan elmi nəticələrdir. Texniki həqiqət olmasından əlavə ağıla əsaslanan və məntiqi dəlillər də bu mövzuda başqa alternativə imkan tanımır. Bir insan üçün kainat onu meydana gətirən maddələrlə və içindəki insanlar və zamanla birlikdə görüntü varlıqdır. Yəni əsli ilə təmasda olmadığı, zehnində yaşadığı hisslərin cəmidir.

Materialistlər bu həqiqəti anlamaqda çətinlik çəkirlər. Məsələn, materialist Politzerin avtobus misalına geri qayıdaq. Politzer hisslərindən kənara çıxa bilmədiyini texniki baxımdan bildiyi halda, bunu sadəcə müəyyən hadisələr üçün qəbul etmişdir. Yəni Politzer üçün avtobus vurana qədər hadisələr beyninin içində əmələ gəlir, amma avtobus vurduğu anda hadisələr birdən beynindən kənara çıxaraq maddi reallığa çevrilir. Buradakı məntiqsizlik açıq şəkildə ortadadır, Politzer də “daşa vururam, ayağım ağrayır, deməli, var” deyən materialist Consonun düşdüyü xətaya düşmüş, avtobus vurduqda hiss edilən ağrının əslində hissdən ibarət olduğunu qavraya bilməmişdir.

Materialistlərin bu mövzunu anlaya bilməməsinin şüuri baxımdan əsl səbəbi isə anladıqda üzləşəcəkləri həqiqətdən çox qorxmalarıdır. Linkoln Barnett bu mövzunun sadəcə “sezilməsinin” belə materialist elm adamlarını qorxu və narahatlığa sürüklədiyini belə bildirir:

Filosoflar bütün maddi həqiqətləri hisslərin kölgə dünyasına çevirərkən alimlər insan hisslərinin hüdudlarını qorxu və narahatlıqla sezdilər.417

Maddənin əsli ilə təmasda olmadığı və zamanın hiss olduğu həqiqəti izah edildikdə bir materialist qorxuya düşür. Çünki maddə və zaman mütləq varlıq qəbul etdiyi yeganə iki anlayışdır. Bunlar sanki tapındığı bütlərdir, çünki özünün maddə və zaman tərəfindən (təkamül yolu ilə) yaradıldığına inanır.

Yaşadığı kainatın, dünyanın, öz bədəninin, digər insanların, fikirlərindən təsirləndiyi materialist filosofların, qısaca desək, heç bir şeyin əsli ilə qarşılaşmadığını hiss etdikdə isə bütün mənliyini dəhşət hissi bürüyür. Güvəndiyi, inandığı, kömək gözlədiyi hər şey bir anda ondan uzaqlaşıb itir. Əslini məhşər günü yaşayacağı və “o gün Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri də aradan çıxacaqlar! (Nəhl surəsi, 87)” ayəsində tərif edilən çarəsizliyi hiss edir.

Bu andan etibarən materialist özünü maddənin xarici aləmdəki əsli ilə təmasda olduğuna inandırmağa cəhd edir, bunun üçün öz ağlına görə “dəlillər” uydurur, yumruğunu divara vurur, daşı təpikləyir, çığırıb-bağırır, ancaq əsla həqiqətdən qaça bilməz.

Materialistlər bu həqiqəti öz fikirlərindən çıxarmaq istədikləri kimi digər insanların da zehnindən uzaqlaşdırmaq istəyirlər. Çünki maddənin həqiqi mahiyyəti insanlara məlum olduğu təqdirdə fəlsəfələrinin bəsitliyini və cahil düşüncə tərzlərinin üzə çıxacağını, fikirlərini izah edəcək zəmin olmayacağını dərk edirlər. Burada izah edilən həqiqətdən bu qədər narahat olmalarının səbəbi yaşadıqları qorxulardır.

Allah inkarçıların bu qorxularının axirətdə daha da güclənəcəyini bildirmişdir. Hesab günü Allah onlara belə səslənəcəkdir:

O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22) 

Bunun ardınca inkarçılar dünyada əsli ilə təmasda olduqlarını zənn edərək Allaha şərik qoşduqları mallarının, övladlarının, çevrələrinin özlərindən uzaqlaşdığına və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də “Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq! (Ənam surəsi, 24)” ayəsi ilə xəbər vermişdir.

İnananların qazancı

Maddənin mütləq olmadığı və zamanın bir hiss olduğu həqiqəti materialistləri qorxudur, ancaq inananlar üçün tam əksi baş verir. Allaha iman gətirən insanlar maddənin ardındakı sirri qavradıqda çox sevinirlər. Çünki bu həqiqət hər cür mövzunun açarıdır. Bu qıfıl açıldığı anda bütün sirlər aşkar olar. İnsan bəlkə anlamaqda çətinlik çəkdiyi bir çox mövzunu bu sayədə asanlıqla anlamağa başlayar.

Daha əvvəl də ifadə edildiyi kimi, ölüm, cənnət, cəhənnəm, axirət, ölçü dəyişdirmə kimi mövzular başa düşülmüş və “Allah haradadır?”, “Allahdan əvvəl nə vardı?”, “Allahı kim yaratdı?”, “cənnət və cəhənnəm haradadır?”, “cənnət və cəhənnəm hal-hazırda varmı?” və bunun kimi mühüm suallar beləliklə asanlıqla cavablanmış olur. Allahın bütün kainatı hansı sistemlə yoxdan var etdiyi qavranılır. Hətta bu sirr sayəsində “nə vaxt”  və “harada” kimi suallar da mənasızlaşır. Çünki ortada nə zaman, nə də məkan qalmır. Məkansızlıq qavranıldığı təqdirdə cənnətin, cəhənnəmin, dünyanın əslində eyni yerdə olduğu da məlum olur. Zamansızlıq qavranıldığı təqdirdə isə hər şeyin bir anda olduğu dərk edilir. Heç bir şey üçün gözlənilməz, zaman keçməz; hər şey onsuz da olub-bitmişdir.

Bu sirrin qavranılması ilə dünya inanan insan üçün cənnətə bənzəməyə başlayır. İnsanı sıxan hər cür maddi narahatlıq, vəsvəsə və qorxu itir. İnsan bütün kainatın yeganə Hakimi olduğunu, Onun bütün maddi dünyanı istədiyi kimi yaratdığını və ancaq Ona yönəlməli olduğunu qavrayır.

Bu sirri qavramaq dünyanın ən böyük qazancıdır.

Bu sirlə birlikdə Quranda bəhs edilən çox mühüm həqiqət də başa düşülür: daha əvvəl də haqqında danışdığımız, Allahın insana “şah damarından daha yaxın” (Qaf surəsi, 16) olması həqiqəti… Məlum olduğu kimi, şah damarı insanın içindədir. İnsana öz içindən daha yaxın məsafə ola bilməz. Bu vəziyyət insanı zehnindən kənara çıxa bilmədiyi həqiqəti vasitəsilə asanlıqla başa düşülə bilər. Göründüyü kimi, bu ayə də bu sirlə birlikdə daha yaxşı qavranılır.

Həqiqət bundan ibarətdir: heç bir insan üçün Allahdan başqa dost və köməkçi yoxdur. Allahdan başqa heç bir şey mütləq deyil, tək mütləq varlıq Odur və ancaq Ona sığınmalı, Ondan kömək istəməli və qarşılıq gözlənilməlidir…

Haraya üzümüzü çevirsək, Allahın üzü oradadır.

 

İqtibaslar:

  • 411- François Jacob, Mümkünlerin Oyunu, Kesit Yayınları, 1996, səh. 111.
  • 412- Lincoln Barnett, Evren ve Einstein, Varlık Yayınları, 1980, səh. 52-53.
  • 413- Lincoln Barnett, Evren ve Einstein, səh. 17.
  • 414- Lincoln Barnett, Evren ve Einstein, səh. 58.
  • 415- Paul Strathern, Einstein ve Görelilik Kuramı, Gendaş Yayınları, 1997, səh. 57.
  • 416- Lincoln Barnett, Evren ve Einstein, Varlık Yayınları, 1980, səh. 84.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər