19 Fevral 2018 Bazar ertəsi

Gənc Tamaşaçılar Teatrı Hindistanda Beynəlxalq Teatr Olimpiadasına qatılacaq


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.

2018-02-13 12:55

Gənc Tamaşaçılar Teatrı Hindistanda Beynəlxalq Teatr Olimpiadasına qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.

Ensonxeber.az Trend-ə istinadən verilən məlumata görə, səfir kollektivi görməkdən şad olduğunu bildirib və Hindistanla Azərbaycanın diplomatik və mədəniyyət sahəsində əməkdaşlığı, iki ölkə arasındakı əlaqələrin inkişafı haqqında məlumat verib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının direktoru, ASSİTEJ Azərbaycan Milli Mərkəzinin sədri, Əməkdar artist Mübariz Həmidov görüş zamanı diqqətə çatdırıb ki, teatrın kollektivi 2018-ci il 17 fevral tarixindən 8 aprel tarixinədək Hindistanda keçiriləcək VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün dəvət alıb. Bu məqsədlə teatrın yaradıcı kollektivi mart ayının 2-dən 8-dək Hindistana səfər edəcək. Bundan əvvəl teatr olimpiadasında ölkəmizi Dövlət Kukla Teatrı, Sumqayıt Musiqili Dram Teatrı təmsil edib. Həmçinin Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ilin mart ayının 26-dan – 4 aprel tarixlərinədək Şri – Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak etmişdi və teatr festivalda P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunmuşdu.

Hindistan Azərbaycan teatr əlaqələrindən söz açan M.Həmidov həmçinin vurğulayıb ki, Azərbaycanda keçirilən teatr konfransları çərçivəsində UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Hindistan nümayəndəliyi ilə ASSİTEJ Azərbaycan Milli Mərkəzi arasında görüşlər keçirilib, bu görüşlər zamanı qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi aparılıb.

Görüş zamanı gələcəkdə Azərbaycan və Hindistan aktyrolarının birgə iştirakı ilə ortaq tamaşanın hazırlanması, birgə layihələrin reallaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan tamaşaçıları hər zaman Hindistan mədəniyyətinə, musiqisi və filmlərinə maraqlı olublar. Ölkələrimiz arasında mədəni əlaqələr daim inkişafdadır. Hər il Azərbaycanda təşkil edilən Hindistan sərgisi çərçivəsində qarşılıqlı şəkildə həm Azərbaycan həm də Hindistan sənətçiləri bir araya gələrək milli sənət nümunələrini təbliğ edirlər. Bu səbəbdən də teatrlar arasında qarşılıqlı sənət mübadiləsi arzu olunandır.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər