“Bizim Yol” qəzetinin insanın balıqdan yaranması iddiasına cavab - Ən Son Xəbər

“Bizim Yol” qəzetinin insanın balıqdan yaranması iddiasına cavab


“Bizim Yol” qəzetinin insanın balıqdan yaranması iddiasına cavab

5 İyul 2018 16:43

“Bizim Yol” qəzetinin insanın balıqdan yaranması iddiasına cavab

24 may 2018-ci il tarixli “Bizim Yol” qəzetində “İnsan balıqdan yaranıb?” başlığı altında, sırf qərəzli darvinist yanaşmalara əsaslanan bir xəbər yayımlandı. Xəbərdə publika.az saytına, onun da ardınca darvinizmi tez-tez gündəmdə tutan xarici mətbuat orqanı “Business Insider”ə istinad edən qəzet bu elmi cəhətdən etibarsız mənbələrin məlumatlarını heç bir süzgəcdən keçirmədən dərc etmişdir. Daha öncə “Bizim Yol” qəzetindəki “İnsan yadplanetlidən əmələ gəlib” başlıqlı iddiaya cavab və Publika.az saytının “Bu qan qrupundan olanların əcdadları insan olmayıb” başlıqlı xəbərinə cavab məqalələrimizdə bu iki yerli media orqanının Qərb mediasındakı təkamülçü xəbərləri olduğu kimi yayımladıqlarını, heç bir elmi təhlilə tabe tutmadıqlarını və bunun nəyə görə xətalı bir yanaşma olduğunu elmi dəlilləri ilə göstərmişdik. İndi isə gəlin “İnsan balıqdan yaranıb?” xəbərinin əsl məğzini araşdıraq. Xəbərdə deyilir:

“Bəzi insanların qulaqlarının üzərində olan və doğuşdan gələn dəliklər var… Təkamül araşdırmaçısı Nil Şubin xarici qulaqdakı dəliyin balıq qəlsəmələrinin təkamülündən sonra qalıq formasında qalmasını bildirib”.

Sözü gedən dəlik latınca preauricular sinus, milli ədəbiyyatda preaurikulyar anadangəlmə fistul kimi tanınan dəlikdir ki, bunlara coğrafi ərazidən asılı olaraq, əhalinin 0,1–10%-ndə rast gəlinir. Əsasən, bir qulaqda, nadir hallarda isə hər iki qulaqda müşahidə olunur. Preaurikulyar anadangəlmə fistul adından da göründüyü kimi, anadangəlmə qüsurdur. İlk dəfə 1864-cü ildə Van Hoyzinger adlı həkim tərəfindən təsvir olunan bu defekt hamiləliyin altıncı həftəsində formalaşmağa başlayan xarici qulaq seyvanının natamam inkişafından irəli gəlir. 1880-ci illərdə İsveçrə anatomu Vilhelm His müəyyən etdi ki, insanın qulaq seyvanı rüşeymin inkişafı zamanı 6 ədəd kiçik təpəciyin bir-birinə qaynaq olub birləşməsindən yaranır. Bu gün insan rüşeymindəki bu altı hissə onun adını daşıyır – His təpəcikləri. Müasir embriologiyada qəbul edilir ki, preaurikulyar anadangəlmə fistulun yaranma səbəbi His təpəciklərinin natamam birləşməsidir.


İnsan rüşeymində I (yaşıl) və II (bənövşəyi) visseral qövslərin çıxıntıları olan 6 His təpəciyi və onların xarici qulağın yaranmasında iştirakı. Preaurikulyar anadangəlmə fistul I visseral qövsdəki təpəciklərin (1–3) natamam birləşməsindən yaranır.1

Bəs təkamülçülər qulaqdakı bu dəliyə görə niyə həyəcanlanırlar? Vilhelm His öz elmi faktlarını ortaya qoymamışdan qabaq Çarlz Darvinin müasiri və onun coşğun tərəfdarı olmuş alman təbiətşünası Ernst Hekkel özünün embrioloji təkamül hekayəsini (1868) irəli sürmüşdü. Bu təkamül hekayəsinə görə, insan rüşeymində balıqlarda olduğu kimi “qəlsəmələr” var. Preaurikulyar anadangəlmə fistulun yaranmasında da xarici qulağı əmələ gətirən bu “qəlsəmələr” iştirak edir.

“Balıqdan əmələgəlmə” iddiasının qısa tarixçəsi
Bu gün bəzi xarici və yerli təkamülçü KİV-lərdə uzun müddət əvvəl elmi ədəbiyyatdan çıxarılmış Hekkel fərziyyəsi elmi həqiqət kimi göstərilir. Hekkel tərəfindən irəli sürülən bu fərziyyə canlı rüşeymlərinin inkişaf prosesi ərzində “əcdadları”nın keçirdiyi təkamül prosesini təkrarladığını iddia edirdi. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində əvvəlcə balıq, sonra amfibiya və sürünən xüsusiyyətləri göstərdiyini, ən sonda insana çevrildiyini irəli sürürdü.

Halbuki sonrakı illərdə bu fərziyyənin tamamilə təxəyyül məhsulu olan bir ssenari olduğu məlum olmuşdur. İnsan rüşeyminin ilk dövrlərində üzə çıxdığı iddia edilən “qəlsəmələr”in, əslində, insanın xarici qulağının, orta qulaq sümüklərinin, almacıq və dilaltı sümüyünün, qırtlaq qapağı və başqa orqanların başlanğıcı olduğu məlum olmuşdur. Rüşeymin “yumurta sarısı kisəsi”nə bənzədilən hissəsinin də, əslində, döl üçün qan hazırlayan kisə olduğu aşkar edilmişdir. Hekkelin və onun davamçılarının “quyruq” adlandırdıqları hissə isə insanın onurğa sümüyüdür və ayaqlardan əvvəl əmələ gəldiyi üçün “quyruq” kimi görünür.

Bunlar elm dünyasında hər kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər də bunu qəbul edirlər. Qabaqcıl darvinistlərdən olan C.Q.Simpson və U.Bek: “Hekkel təkamül prosesini səhv göstərib. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq məlumdur”, – deyə yazırlar.2

16 oktyabr 1999-cu il tarixli “New Scientist” jurnalında dərc olunmuş bir məqalədə Hekkelin “biogenetik qanun”u haqqında belə deyilir:

“(Hekkel) bunu biogenetik qanun adlandırdı və bu fikir rekapitulyasiya kimi məşhurlaşdı. Əslində, Hekkelin dəyişilməz görünən qanununun qısa müddət sonra səhv olduğu aşkar oldu. Məsələn, insan rüşeyminin qətiyyən balıqlardakı kimi qəlsəmələri yoxdur və o, heç vaxt yetkin sürünənə və ya meymuna bənzəyən inkişaf mərhələsindən keçmir”.3

Məsələnin daha da maraqlı cəhəti isə Ernst Hekkelin, əslində, ortaya atdığı fərziyyəni dəstəkləmək üçün şəkil saxtakarlıqları etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə oxşatmaq üçün saxta illüstrasiyalar çəkmişdir. Bunun üzə çıxmasından sonra özünü müdafiə etmək üçün dediyi sözlər isə digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini bildirməkdən ibarət idi:

“Etdiyim bu saxtakarlıq etirafından sonra özümü rüsvay olmuş və qınanmış hesab etməliyəm. Lakin mənim təsəllim budur ki, mənim kimi təqsirkar yüzlərlə həmkarımın, bir çox etibarlı müşahidəçi və məşhur bioloqun nəşr etdirdiyi ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim kimi etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox təhrif edilmiş şəkillər var”.4

Məşhur elmi jurnal olan “Elm”in (Science) 5 sentyabr 1997-ci il sayında Hekkelin rüşeym şəkillərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə dərc olundu. “Hekkelin rüşeymləri: saxtakarlıq yenidən aşkar edildi” başlıqlı məqalədə belə deyilir:

“Londondakı Müqəddəs Corc Xəstəxanası Tibb Məktəbindən təkamülçü Maykl Riçardson: “(Hekkelin şəkillərinin) verdiyi təsəvvür, yəni rüşeymlərin bir-birinə çox bənzəməsi yalandır”, – deyir… O və həmkarları Hekkelin çəkdiyi növdəki və yaşdakı canlıların rüşeymlərini yenidən təhlil edərək və fotoşəkillərini çəkərək müqayisə etmişlər. Riçardson “Anatomiya və embriologiya” (Anatomy and embryology) jurnalında yazdığı məqalədə: “Rüşeymlər təəccüblü dərəcədə fərqlidir”, – deyə qeyd edir”.5

Hekkelin rüşeymləri oxşar göstərmək üçün bəzi orqanları qəsdən illüstrasiyalarında göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirən “Elm” jurnalı məqalənin ardında bu məlumatları verir:

“Riçardson və qrupunun bildirdiyinə əsasən, Hekkel təkcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hekkel fərqləri gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox yaxın olan balıq növlərinin rüşeymlərində də görünüş və inkişaf prosesi baxımından çox böyük fərqlər var. Riçardson: “Hekkelin şəkilləri biologiyadakı ən böyük saxtakarlıqlardan biridir”, – deyir”.6

“Elm” jurnalındakı məqalədə Hekkelin bu məsələ ilə bağlı etiraflarının bu əsrin əvvəlindən etibarən ört-basdır edildiyindən və saxta rəsmlərinin dərs kitablarında elmi həqiqət kimi öyrədilməyə başlanmasından da belə bəhs edilir:

“Hekkelin etirafları çəkdiyi şəkillərin 1901-ci ildə “Darwin and after Darwin” adlı bir kitabda nəşr olunmasından sonra itib getdi. Şəkillər isə ingiliscə biologiya dərsliklərində geniş miqyasda çoxaldıldı”.7

Qısaca desək, Hekkelin şəkillərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə üzə çıxmış, amma bütün elm dünyası bu şəkillərlə bir əsr boyu aldadılmışdır.

Vilhelm His Ernst Hekkelə qarşı
E.Hekkelin işlərinə həm öz dövrünün, həm də sonrakı dövrlərin çox sayda tanınmış embrioloqları etiraz etdilər. Bunlardan biri onun müasiri olmuş və yuxarıda da bəhs etdiyimiz kimi, His təpəciklərinin onun adını daşıdığı Vilhelm His idi.8 E.Hekkel, Frits Müller və Ç.Darvin kimi təkamülçülər tərəfindən təbliğ olunan təkamülçü embriologiyaya müxalif olaraq, V.His 1870-ci illərdə təcrübə və müşahidələrə əsaslanan həqiqi embriologiya elmini inkişaf etdirirdi. O, embriologiyanı təkamül tarixi hekayələri ilə izah etməyə qarşı çıxmış, rüşeymin inkişafına birbaşa, mexaniki təsirlərin nə olduğunu göstərmişdir.9 Misal üçün, Hekkel insan rüşeymindəki visseral qövslərin “qəlsəmə” olduğunu iddia etdiyi halda, His bunların rüşeymin inkişafı prosesində müəyyən orqanların başlanğıcları olduğunu sübut etdi. O və eyni metodu mənimsəyən alman alimi Vilhelm Ru 19-cu əsrdən başlayıb bu günə kimi inkişaf etdirilən təcrübi embriologiya elminin əsasını qoydular.10 Hekkelin “balıqdan əmələgəlmə” iddiaları isə, heç vaxt sübuta yetirilməmiş elmdən kənar fərziyyələr kimi qaldı.

Nəticə
“Bizim Yol” qəzetindəki sözü gedən xəbərin sensasiyalı başlığına baxmayaraq, xəbərin məzmununda “insanın balıqdan yaranması”na dair heç bir faktiki sübut gətirilmir. Xəbərdə yazılır ki: “… Təkamül araşdırmaçısı Nil Şubin xarici qulaqdakı dəliyin balıq qəlsəmələrinin təkamülündən sonra qalıq formasında qalmasını bildirib”. Halbuki yuxarıda təhlil etdiyimiz kimi, sözü gedən dəlik hansısa təkamül prosesindən yox, insanın ana bətnindəki inkişaf prosesindən qalan izdir. Sözlərinə istinad edilən Nil Şubinin bu cür çıxış etməsi isə heç də təəccüblü deyildir, çünki o, “Tiktaalik saxtakarlığı” ilə tanınan qatı təkamül təbliğatçısıdır.

Maraqlıdır ki, “Bizim Yol”un bu qısa məzmunlu xəbərinin içində də bir-birinə zidd fikirlər var. Əvvəlcə, qulaqdakı dəlik haqqında “nədən yarandığı hələ də təsbit edilməyən bu dəliklər” deyildiyi halda, iki abzas sonra: “Preaurikulyar sinusa ilk və ikinci faringeal kəmərlər (visseral qövslər – red.) səbəb olur”, – deyə qeyd olunur. Bu da ya xəbər müəllifinin təcrübəsizliyinə, ya da təkamül fərziyyəsini təbliğ etmək həyəcanı ilə gözdən qaçan bir səhvə işarə edir.

Unutmamaq lazımdır ki, darvinizm – psevdoelmdir. Yəni darvinizm “saxta, yalançı elm”dir. Təkamülçülər də bu psevdoelmin təbliğatçılarıdırlar. Onların hər dediyi sözü elmi və məntiqi cəhətdən diqqətlə təhlil etməli, hər iddialarına tənqidi yanaşılmalı. Ancaq bu yolla darvinizm təbliğatının sehrinə qapılmamaq mümkündür.

 

İqtibaslar:
Dunham B, Guttenberg M, Morrison W, Tom L. The Histologic Relationship of Preauricular Sinuses to Auricular Cartilage. Arch Otolaryngol Head Neck Surg. 2009;135(12):1262–1265.
G. Simpson, W. Beck, An Introduction to Biology, New York, Harcourt Brace and World, 1965, səh. 241.
Ken McNamara, “Embryos and Evolution”, New Scientist, 16 oktyabr 1999.
Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, səh. 204.
Elizabeth Pennisi, “Haeckel’s Embryos: Fraud Rediscovered”, Science, 5 sentyabr 1997.
Elizabeth Pennisi, “Haeckel’s Embryos: Fraud Rediscovered”, Science, 5 sentyabr 1997.
Elizabeth Pennisi, “Haeckel’s Embryos: Fraud Rediscovered”, Science, 5 sentyabr 1997.
Gould, Ontogeny and Phylogeny, p. 189
His W. Unsere Körperform und das physiologische Problem ihrer Entstehung. Leipzig: F.C.W. Vogel, 1874. 224 S; Brandstetter Th. Embryos and Empathy: The Model Experiments of Wilhelm His // Brauckmann S., Brandt C., Thieff ry D., Müller G (eds.) Graphing genes, cells, and embryos. Cultures of Seeing 3D and Beyond MPI. Gesellschaft 380, 2009. P. 123–132
Mocek R. Wilhelm Roux — Hans Driesch. Zur Geschichte der Entwicklungsphysiologie der Tiere. Jena: Gustav Fischer Verlag, 1974. 229 S; Mocek R. Die werdende Form. Eine Geschichte der kausalen Morphologie. Marburg: BasiliskenPresse, 1998. 579 S.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər