Avropa miqrant sınağından çıxa biləcəkmi?


Sərhəddə yığılan minlərlə məzlum insan Makedoniya polisinin şiddətlə qarşılıq verəcəyini, keçidin qarşısını almaq üçün tikanlı məftillərlə üz-üzə gələcəklərini bəlkə də heç təxmin etməmişdilər

2015-10-04 20:15

Avropa miqrant sınağından çıxa biləcəkmi?

Ötən həftə sərhədi keçmək istəyən miqrantların faciəvi görüntülərini Makedoniyadadan izlədik. Sərhəddə yığılan minlərlə məzlum insan Makedoniya polisinin şiddətlə qarşılıq verəcəyini, keçidin qarşısını almaq üçün tikanlı məftillərlə üz-üzə gələcəklərini bəlkə də heç təxmin etməmişdilər. Bu insanlar ölkələrində gedən müharibədən qaçmış, rezin qayıqlarla Yunanıstana ölüm səfərinə çıxmışdılar. Bu səfərin mərkəzi olan Aralıq dənizi iki mindən çox miqranta məzar oldu. Ölüm səfərinin öhdəsindən gələn miqrantlar yolun sonuna gəldik deyərkən Avropa İttifaqı (Aİ) ölkələrindən birinin qapısında bu «qarşılamanı» gözləmirdilər.

Həyatlarını sığortalamaq üçün Almaniyaya gələn suriyalı, eritrəli, somalili, iraqlı və əfqan miqrantlardan bəhs edirik. Daha yaxşı yaşamaq və ya yoxsulluqdan deyil, təkcə həyatlarını xilas etmək üçün ölkələrini tərk etdilər. Makedoniyanın sərhəd şəhəri Gevgeliyadakı gənc miqrantın bu sözləri acınacaqlı vəziyyəti ortaya qoyur: “Hər ölkə mənim ölkəmdən yaxşıdır. Mənim ölkəmdə müharibə var, ölüm var”. Ölümdən qaçmaq üçün ölümü gözə almaq çox böyük çarəsizlikdir. Ancaq təəssüf ki, firavan yaşayan insanların çox az hissəsi bunun fərqinə vara bilir.

Avropa hazırda bu sınaqdan keçir. Vicdan sahibi insanların səsi gəlsə də, xalqın böyük əksəriyyəti miqrantlara yardım etmək məsələsində ön sıralarda olsa da, avropalı rəhbərlərin bir hissəsi hələ də miqrantların problem deyil, məcburiyyət olduğunu tam anlamayıb. İngiltərə, Fransa və Almaniyanın məsələnin həlli istiqamətində razılığa gələ bilməməsi, Aİ ölkələrinin Brüsseldən gələn həll yollarına etiraz etmələri vəziyyəti daha da çətinləşdirib. Hər bir Aİ ölkəsi çox məhdud sayda miqrantı qəbul etmə məsələsində israrlıdır. Aİ-nın tətbiq etdiyi kvota 28 üzv ölkənin iqtisadiyyatı və əhalisinin sayına görə miqrant qəbul etməsini nəzərdə tuturdu. Lakin bu qayda həmin kvotaya etiraz edildiyinə görə tətbiq edilmədi. Macarıstanın miqrantların ölkəyə girişinə mane olmaq üçün sərhəddinə nəhəng divar hörməsi, Slovakiya və Çexiya Respublikası kimi ölkələrin ancaq xristian miqrantları qəbul edəcəklərini açıqlaması Avropadakı miqrant probleminin nə qədər qorxunc səviyyədə olduğunu bir daha sübut edir.

Slovakiya bu sözləri sonradan geri alsa da, Aİ-nın tələb etdiyi 1100 miqranta sığınacaq vermə tələbini rədd edən Slovakiyanın Baş naziri Robert Fikonun bu sözləri təəssüf doğurur: “Bir sualım var. Liviyanı kim bombaladı və Şimali Afrikadakı problemlərə səbəb oldu. Slovakiya? Xeyir”.

Əfqanıstan müharibəsini başladan ABŞ idi. Suriya müharibəsini başladan isə Əsəd. Lakin altı milyona yaxın miqrantı qəbul edərkən nə Pakistan müharibəni kimin başlatdığını soruşdu, nə Türkiyə, nə Livan, nə də İordaniya. Çünki bu ölkələr insanlıq faciəsi ilə qarşı-qarşıya olduqlarının fərqində idilər. Türkiyə hazırda dünyada miqrant qəbul edən ölkələr sırasında birincidir. Rəsmi rəqəmlərə görə, 1,6 milyon, qeyri-rəsmi rəqəmlərə görə 2,5 milyona çatan miqrant axını Avropa ölkələri ilə müqayisədə milli gəliri çox yüksək olmayan Türkiyə üçün şübhəsiz ki, çətin idi. Lakin Türkiyə bu problemi heç kimə hiss etdirmədi. Suriyalı miqrantlar üçün 5 milyard dolları öz büdcəsindən ödəyərkən, Kobani hücumu zamanı təkcə bir gündə 350 min miqrant Türkiyəyə daxil olarkən heç kim Türkiyənin aldığı məsuliyyəti düşünmürdü. İndi isə Avropadakı qarışıqlıq təkcə iyul ayında gələn 107 min miqrant üçündür. Bir qismi dünyanın ən böyük iqtisadiyyatına malik 28 ölkə cəmi 107 min insanın məsrəfini öz üzərinə götürə bilmir.

Məlum olduğu kimi, bu mübahisə ötən aylarda təkcə 40 min miqrantın bölüşdürülməsi məsələsində baş vermiş və cəhdlər yenə nəticəsiz qalmışdı. Avropa Parlamenti rəhbəri vəzifəsini icra edən Canni Pittella bu çarəsizlik qarşısında belə demişdi:

“Beş ay davam edən danışıqlar nəticəsində Aİ üzvlərinin 40 min miqrantı yerləşdirmə məsələsində razılığa gələ bilməməsi gülüncdür... Bəzi Aİ üzvləri 250, yoxsa 500 miqrant qəbul edək deyə münaqişə edərkən Türkiyə, İordaniya və Livan 3,5 milyondan çox miqrant qəbul etdi. Bu hal o ölkələrin insanlıq və həmrəyliyinin, Avropada isə insanlıq və həmrəylik çatışmazlığının göstəricisidir. Bu rəqəmlər ortada olduğu halda, necə dünyada insanlıq lideri iddiasında ola bilərik?”

İtaliyanın Baş naziri Matteo Renzinin reaksiyası da oxşar idi: ”Əgər 40 min insan məsələsində razılığa gələ bilmirsinizsə, özünüzü avropalı kimi təqdim etməyə haqqınız yoxdur. Əgər sizin Avropa idealınız budursa, özünüzə saxlayın. Ya həmrəylik olmalı, ya da vaxtımızı boş yerə almayın”.

Dünyada yayılan terror və miqrant qəbulunun terroristlərin də gəlməsinə səbəb olacağına dair qorxu Avropa baxımından təbii ki, başa düşüləndir. Lakin bunun həll yolu mümkündür. Miqrantların şəxsiyyətlərinin müəyyən edilməsi və yerləşdirilmələri ilə lazımi nəzarətlər asanlıqla aparıla bilər. Lakin ölkələrindən qaçmış məzlumların insan olduğunu unudub onlara sanki yük olaraq baxmaq, “sən məndən çox yük al” davasına girişmək Avropaya hər an öz cəmiyyətini məhvedici amil olaraq geri qayıda bilər. Avropa, miqrantı ölümdən qaçan Allahın müsafiri olaraq qəbul etdikdə, bu məsələni problem deyil, insanlığa fayda verəcək fürsət olaraq gördükdə əsl mədəniyyətə nail olacaq. İnsanları, demokratiyası, mədəniyyəti ilə Avropa təkcə varlanmağa çalışan birlik deyil, insanlığı əsas alan azadlıq və mədəniyyət birliyi olmaq məcburiyyətindədir. Bunun əsas yolu insanları irqlərinə, dinlərinə və yaşayış formalarına görə sinifləndirən primitiv düşüncə tərzindən xilas olmaqdır. Avropa keçmişdə ən böyük xətalarını bu düşüncə tərzinə görə etmişdir. İndi isə bunları düzəltmək vaxtıdır.

Adnan Oktarın «The Jakarta Post»da dərc edilən məqaləsi


 

Xəbər lenti

Bütün xəbərlər